Əbülfəs Qarayev:“ “Formula-1” yarışları zamanı ölkəmizdə böyük mehmanxana şəbəkələrinin 95 faizi doludur” REPORTAJ
Məlum olduğu kimi, Bakıda iyunun 23-25 “Formula 1” üzrə Azərbaycan Qran-Prisi keçiriləcək. SİA-nın məlumatına görə, dünyada ən çox azarkeş kütləsinə malik idman yarışlarından olan “Formula-1” ölkəmiz üçün yalnız idman tədbiri kimi deyil, həm də iqtisadi cəhətdən önəmlidir. Belə ki, bu il sözügedən yarışla əlaqədar ölkəmizə gələcək turistlərin ötən illə müqayisədə ikiqat çox olacağı gözlənilir. Bu isə ölkəmizdə turizmin inkişafı üçün böyük təkan olacaq.
Sözügedən məsələ ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ötən ilə nisbətən xaricidən gələn turistlərin sayının bu il çox olacağını bildirib. Nazir qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərindən daha çox turistin gəlişi gözlənilir: "Azərbaycanda iyun ayının 15-dən sentyabrın 15-ə kimi yay mövsümü nəzərdə tutulub. Ötən ilə nisbətən Azərbaycanda istirahət edən insanların sayı artıb. Bu yay da Azərbaycana Birləşmiş Ərəb Əmirliklərindən daha çox turistin gəlişi gözlənilir”.
Əbülfəs Qarayev əlavə edib ki, “Formula-1” yarışları zamanı ölkəmizdə böyük mehmanxana şəbəkələrinin 95 faizi doludur: “Artıq sifarişlər verilib. Bundan əlavə olaraq, körfəz ölkələrindən gələn turistlər yalnız paytaxtda yox, regionlarda dincələ bilərlər”.
Nazir rəqəmləri də açıqlayıb: "Keçən ilin may ayında Azərbaycana 174 min turist gəlibsə, bu il rəqəm 211 min olub. Ümumi 5 ay ərzində keçən il 768 bu il 956 min turist gəlib. Bu 200 mindən çox turist artımı deməkdir. Viza rejiminim sadələşdirilmsi bu artıma xüsusi təsir göstərib".
Ə.Qarayev bölgələrimizdə istirahət etmək istəyən insanlara xoş xəbər də verib: “Hesab edirəm ki , bugünki qiymət siyasətində Azərbaycanda olan qiymət səviyyəsinə uyğun olaraq istirahət üçün qiymətlər normaldır. Araşdırma aparmışam. Elə bölgələr var ki, 10 AZN elələri var ki, 30 AZN-ə insanlara təkliflər edir. Bəziləri isə 5-6 nəfərlik ailə üçün 100 manata evlər təklif edir . Bu ölçülər kifayət qədər qəbul olunandır. Mən hesab etmirəm ki, 5 AZN-ə dincəlmək mümkün olsun".
Nazir açıqlamasında onu da bildirib ki, təxminən 2 ay müddətində bu şərtlər təsdiq olunduqda artıq insanlar hostellərin nə olduğunu aydın təsəvvür edə biləcəklər: "Yaxın zamanda Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam verib. Qanunvericlik çərçivəsində yaşayış binalarında mehmanxana fəaliyyəti ilə məşğul olacağı zaman onun müvafiq şərtlərə əməl olunması lazımdır. Bunun üçün şərtlərin işlənərək hazırlanması ilə bağlı göstərişlər verilib. Bu tapşırıqların üzərində hazırda işləyirik. Təxminən 2 ay müddətində bu şərtlər təsdiq olunduqda artıq insanlar hostellərin nə olduğunu aydın təsəvvür edəbiləcəklər. Tendensiya göstərir ki, hostellərə insanlar, xüsusilə gənclər tərəfindən maraq var. İnsanlar normal şəraiti olan, şəhərin mərkəzində yerləşən məkanlarda məskunlaşmaq istəyirlər".

Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin sədri Nahid Bağırov beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən böyük olduğunu bildirib. Sədr maraqlı faktları ortaya çıxarıb: "Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi mədəniyyətimizin tanıdılması və turizmimizin inkişafı deməkdir. 2002-ci ildə keçirilən "Eurovision" yarışmasından sonra paytaxtımızda turistlərin sayı çoxalıb. Həmin ildən sonra bütün Avropa ölkələri Azərbaycana axın etdi. Əcnəbilər artıq öz ölkələrində Bakı haqqında danışır. Xüsusi ilə qeyd edim ki, Azərbaycanda keçirilən sərgilər, festivallar, yarışlar təqdirə layiq addımdır. Hazırda da ölkəmizdə keçiriləcək “Formula-1” yarışlarının Azərbaycanda baş tutması bir daha sübut edir ki, ölkəmiz günü-gündən inkişaf edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB