“Bakı gecələri 2010” Estrada Mahnı Festivalı keçiriləcək- FOTO

“Bakı gecələri 2010” Estrada Mahnı Festivalı keçiriləcək- FOTO
Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə "Bakı gecələri 2010" Estrada Mahnı Festivalı keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, festivalın məqsədi mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, estrada ifaçılarını dəstəkləmək, Azərbaycanı beynəlxalq müsabiqələrdə layiqincə təmsil edəcək estrada ifaçılarını yetişdirmək və estrada mahnı janrını inkişaf etdirməkdir.

Üç möhtəşəm konsert proqramından ibarət olan "Bakı gecələri 2010" Estrada Mahnı Festivalının birinci konsert proqramı sentyabrın 13-də, saat 16.00-da Azərbaycan Dövlət Musiqili Komediya teatrında keçiriləcək.

Festivalda Mətanət İsgəndərli, Nadir Qafarzadə, Zamiq Hüseynov, Nüşabə Ələsgərli, İzzət Bağırov, Lalə Məmmədova, Elton Hüseynəliyev, Almas Ələsgərli, Könül Kərimova, Vasif Məhərrəmli, Elza Seyidcahan, Ramal İsrafilov, Vaqif Şıxəliyev, Leyla Ramazanlı, Elariz Məmmədoğlu, Sevinc Tofiq qızı, Yeganə, Səbinə Əliyeva, "Şeron" qrupu və "M-life" qrupu iştirak edəcək.

İlkin mərhələdə təqdim olunan mahnılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və yüksək bal toplamış əsərlər finala, cari ilin 24 dekabr tarixində Heydər Əliyev Sarayında keçiriləcək Qala konsertə vəsiqə qazanacaqlar.

Finalda səslənən mahnılar müxtəlif nominasiyalar üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar. Qala-konsertdə iştirak edən müğənnilər "Bakı Gecələri Estrada Mahnı Festivalının Laureatı" adına layiq görüləcəklər.

Xatırladaq ki, 2008-ci ildən etibarən hər il keçirilən "Bakı Gecələri 2010" Estrada Mahnı Festivalı tamaşaçılar tərəfindən səbirsizliklə gözlənilir və böyük rəğbətlə qarşılanır. "Bakı Gecələri" Estrada Mahnı Festivalının qalibi 2008-ci ildə Cəlal Abbasovun ifa etdiyi Eldar Mansurovun "Taleyim" mahnısı, 2009-cu ildə isə Natəvan Həbibi və İntizar Məmmədov duetinin ifa etdiyi Murad Arifin "Sevdiyini söylə" mahnısı olub.

Bu il tamaşaçılar müxtəlif nominasiyalar üzrə qalibləri "online" səsvermə yolu ilə müəyyən etmək şansını əldə edəcəklər.

Qeyd edək ki, səsverməyə noyabrın 20-dən etibarən start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə