“Azərbaycanda multikulturalizm və mədəni müxtəlifliyin turizmin inkişafına təsiri” FOTO
Azərbaycan Turizm və Menecment Universitetində "Azərbaycanda multikulturalizm və mədəni müxtəlifliyin turizmin inkişafına təsiri" mövzusunda respublika elmi konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş nitqi ilə açan ATMU-da rektor səlahiyyətlərini icra edən dosent Eldar Aslanov konfrans iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan müasir dövrdə dünyanın multikurturalizm mərkəzi kimi tanınır. Respublikamız bu sahədə bir çox ölkələrə öz nümunəsini göstərməkdədir. Dünyanın onlarla ali təhsil müəssisəsində "Azərbaycanın multikulturalizm modeli" fənn kimi tədris planlarına daxil edilib. Tədbirin təşkilində əsas məqsəd müasir dövrdə tolerantlığın, mədəni, dini və linqvistik müxtəlifliyin qorunması istiqamətində həyata keçirilən işlərə nəzərən multikultural dəyərlərin qorunmasına xidmət edən daha mükəmməl modelin və aparılan tədqiqatların təbliği mexanizmini hazırlamaq, mədəni-etnik müxtəlifliyin dövlətçiliyin inkişafına xidmət göstərməsi yollarını müəyyənləşdirib həyata keçirməkdən ibarərdir. "Azərbaycanda multikulturalizm və mədəni müxtəlifliyin turizmin inkişafına təsiri" mövzusunda təşkil olunan respublika elmi konfransında ölkəmizin ali təhsil müəssisələrinin çoxsaylı nümayəndəsi iştirak edib. ATMU-nun mətbuat xidmətinin məlumatına görə, plenar iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı, dosent Zaur Bağırovun "Müasir dünyada insan kapitalı anlayışı", Azərbaycan Turizm və Menecment Universitetinin Doktorantura və əlavə təhsil şobəsinin müdiri, dosent Nəsirulla Nəsirlinin "Kadr hazırlığı prosesində multikultural dəyərlər" adlı məruzələri geniş diskusiyaya səbəb olub. Bölmə iclasları ilə davam etmiş konfransın gündəliyinə "Multikulturalizm və tolerantlığın mahiyyəti və təbliği", "Azərbaycançılıq və mədəni-etnik müxtəliflik", "Mədəni, dini müxtəlifliyin tolerant əsasları", "Multikultural dəyərlərin mədəniyyətlərin inkişafına təsiri", "Mədəni irsin təbliğində turizmin rolu", "Azərbaycan multikulturalizm mərkəzi kimi", "Multikulturalizm təbliğində bədii mədəniyyətin rolu", "Turizmin sosial-iqtisadi inkişafa təsiri", "Mətbəx mədəniyyəti multikultural kontekstdə", "İdman tədbirlərində multikultural dəyərlər" və sair adlı məruzələr daxil edilib.
Bölmə iclaslarında ATMU-nun dosenti Məhərrəm Zülfüqarlının "Azərbaycan xalqlar dostluğu - tolerantlığa nümunədir.(1970-1980-ci illər tarixşünaslığının təhlili)", Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Fazil Hacıyevin "Azərbaycanın sosial – iqtisadi inkişafında turizmin fəaliyyətinin təhlili və audit qiymətləndirilməsi", ATMU-nun doktorantı Sənubər Qənbərovanın "Azərbaycan Xalq Cümhuriyyətinin tolerantlıq prinsipləri və erməni problemi", ATMU-nun dissertantı Firuzə Raşovanın "Azərbaycanda dinlərarası tolerantlıq", ATMU-nun dissertantı Rinard Şərifovun "Multikultural cəmiyyət: mahiyyəti və xüsusiyyətləri", professor Həsən Sadıqov və professor Ramazan Məmmədovun "Tolerant və multikultural xalq", ATMU-nun doktorantıNurlana Nəsirlinin "Beynəlxalq münasibətlərdə kommunikasiya", mövzularında məruzələri və digər iştirakçıların çıxışları konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib.
Konfrans Yekun Plenar İclasla başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB