Şahmar Əkbərzadə adına mükafatın laureatları bəlli oldu TƏDBİR - SƏS TV

Şahmar Əkbərzadə adına mükafatın laureatları bəlli oldu TƏDBİR - SƏS TV

Beynəlxalq Mətbuat Mərkəzində "VEKTOR" Beynəlxalq Elmlər Akademiyası tərəfindən həyata keçirilən Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatının növbəti laureatlarının mükafatlandırılması və ötən ilki laureatların kitablarının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Akademiyanın təsisçisi və prezidenti Elçin İsgəndərzadə, mükafatın ötən ilki laureatı, "Kaspi" qəzetinin təsisçici, yazıçı-publisist Sona Vəliyeva, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini dekanı, professor Cahangir Məmmədli, yazarlar və digərləri iştirak ediblər.

Tədbirdə ilk çıxış edən E.İsgəndərzadə bildirib ki, Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı 17 ildir təsis edilib: "İndiyədək ədəbiyyatımızın inkişafında xidmətinə görə, bu mükafat 61 nəfərə təqdim olunub. Hər il bu mükafatın bir laureatı xarici ölkə ədəbiyyatı nümayəndəsi, 2-3 nəfəri isə Azərbaycan yazarları olur. Şərtlərimizdən biri də odur ki, laureatların kitabları təmənnasız çap olunaraq yayımlanır. Artıq 57 kitab çap olunaraq yayımlanıb".

Müsabiqə laureatlarının tam obyektiv şəkildə seçildiyini deyən akademiya prezidenti Elçin İsgəndərzadə laureatları aldıqları mükafat münasibətilə təbrik edərək onlara diplomları təqdim edib. E.İsgəndərzadə ənənəvi olaraq gələn il laureatların əsərlərinin "Vektor" Nəşrlər Evi tərəfindən təmənnasız çap olunacağını diqqətə çatdırıb. Mükafatlandırmadan sonra çıxış edən Cahangir Məmmədli bildirib ki, dünya sözdən yaranıb: "Bu gün biz müqəddəs sayılan varlıqlarla üz-üzəyik. Belə ki, burada ötən laureatların kitablarını görmək çox sevindiricidir. Bu baxımdan akademiya tərəfindən həyata keçirilən işləri yüksək qiymətləndirirəm".

Tədbirin Respublika günü ərəfəsinə təsadüf etməsini xüsusi vurğulayan C.Məmmədli söyləyib ki, 1918-ci ildə əldə olunan müstəqillik bugünkü dövlətçiliyimizə gətirib çıxarıb. Əməkdar jurnalist Flora Xəlilzadə mükafat alanları təbrik edərək, onlara uğurlar arzu edib. Tədbirdə mükafatçılar nüfuzlu qələm sahiblərinin də aldığı bu mükafata layiq görüldükləri mükafat komissiyasına minnətdarlıqlarını bildiriblər. Natiqlər mərhum şair Şahmar Əkbərzadənin müsbət insani keyfiyyətlərindən, onun poeziyasının yüksək bədii dəyərindən söz açaraq hər il mükafatın mərhum şairin adına uyğun laureatlara təqdim olunduğunu vurğulayıblar. Tədbirdə mükafatın ötən ilki laureatlarının kitabları haqqında da fikirlər söylənilib.

Çıxış edən natiqlər yazıçı-publisist Sona Vəliyevanın "Dünya Tanrı Biçimdədir" şeirlər kitabı ilə bağlı fikirlərini bildiriblər. Yazarın Azərbaycan poeziyasında özünəməxsus yeri olduğunu vurğulayıblar.

Tədbirdə mükafat laureatları şeirlərini səsləndiriblər.

Tədbirin sonunda çıxış edən Sona Vəliyeva bildirib ki, hər ziyalımız dünyamızı dəyişəndə məni narahat edən məsələ onun ölümü ilə bağlı deyil, məhz həmin ziyalının torpaqlarımızın azad olunmasını görməməsidir: "Çünki ölüm haqdır. Amma Dağlıq Qarabağ ürəyimizdə çat qoyub. Tanrı ziyalılarımıza o günü görməyi qismət etsin".

S.Vəliyeva qeyd edib ki, yazarlar mənəviyyatı saflaşdırmaqla məşğuldurlar: "Bu, çox yaxşı işdir. Allah hamının ürəyinə söz demək qabiliyyəti nəsib etsin. Bəziləri deyir ki, indi söz yox, yazan yox. Amma bu, belə deyil. Bu gün bizim böyük şairlərimiz var. Sabah Ramazan ayı başlayır və bu gecə niyyət gecəsidir. Gəlin niyyət edək ki, növbəti məclisimiz Şuşada qeyd olunsun".

Bütün xəbərlər Facebook səhifəmizdə