İşçi qrupunun növbəti iclası keçirilir FOTOLAR

İşçi qrupunun növbəti iclası keçirilir FOTOLAR

Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Turizm Etikası üzrə Konvensiyanın hazırlanması məqsədilə yaradılmış İşçi qrupunun üçüncü iclası sözügedən təşkilatın Madriddəki qərargahında öz işinə başlayıb. SİA-nın məlumatına görə, iclas Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun sədrliyi ilə keçirilir.

Tədbirdə BMÜTT-nin baş katibi Taleb Rifai, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami, sözügedən işçi qrupuna, eləcə də BMÜTT-ə üzv ölkələrin 30-a yaxın nümayəndəsi iştirak edir. Ölkəmizi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin böyük məsləhətçisi Cavid Abdullayev təmsil edir.

İşçi qrupunun üçüncü iclasının açılış mərasimində BMÜTT-nin baş katibi Taleb Rifai, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami və işçi qrupunun ilk iclasında sədr olaraq seçilmiş nazir müavini Nazim Səmədov çıxış etmişdir. İki gün davam edəcək iclas çərçivəsində "Turizmin qlobal etik kodeksi"ni konvensiyaya çevirmək istiqamətində müvafiq mövzular ətrafında müzakirələrin davam etdirilməsi nəzərdə tutulub.

Xatırladırıq ki, işçi qrupunun əsas vəzifəsi Turizm Etikası üzrə Dünya Komitəsi ilə birgə işləyərək BMÜTT-nin Turizm üzrə Qlobal Kodeksi əsasında hüquqi cəhətdən bütün üzv dövlətlərə məcburi qaydada şamil oluna biləcək "Turizm Etikası üzrə Konvensiya"nı hazırlayıb qurumun 2017-ci ilin senytabr ayında keçiriləcək Baş Assembleyasına təqdim etməkdən ibarətdir.

Turizm Etikası üzrə Konvensiya" turistlərin hüquqlarının qorunması, onların təhlükəsizliyi naminə aparılmalı olan islahatlar, turizm sənayesi mütəxəssislərinin üzərinə düşən öhdəliklər, eləcə də turizmin davamlı inkişafda və beynəlxalq sülhdə oynadığı rol və turizm sektoru üzrə bir sıra digər mühüm müddəaları özündə əks etdirəcəkdir. Sözügedən sənəd BMÜTT-nin ilk Konvensiya sənədi olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə