Tələbə-aktyorlardan ibarət “Sabah” qrupu Lənkəranda iki tamaşa göstərib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor və rejissor sənəti üzrə tələbələrdən ibarət "Sabah" qrupu Lənkəran Dövlət Universitetində (LDU) olub. AZƏRTAC xəbər verir ki, tələbə-aktyorlar Lənkəranda olduqları iki gün müddətində Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında kurs rəhbəri, Əməkdar Artist Nofəl Vəliyevin quruluşunda hazırlanmış Mirzə Fətəli Axundzadənin "Hekayəti Müsyo jordan Həkimi-Nəbatat və Dərviş Məstəli şah cadükuni Məşhur" və "Romeo və Cülyetta" tamaşasını oynayıblar.
Tələbə-aktyorlardan - Məhəmməd Musayev, Orxan İsgəndərli, Xədicə Məmmədova, Çilənay Əliyeva, Hilal Dəmirov və başqalarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. "Sabah" qrupunun üzvləri LDU-da olduqları müddətdə ali təhsil ocağı ilə də tanış olub, tələbə-gənclərlə görüşərək fikir mübadiləsi aparıblar.
Tələbə-aktyorlarla keçirilən görüşdə LDU-nun rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə əlaqənin gələcəkdə daha da genişləndiriləcəyini, yeni tədris ilində Lənkəran Dövlət Universitetində aktyorluq ixtisasının açılacağını söyləyib. "Sabah" qrupunun rəhbəri Böyükxanım Məmmədbəyova, kurs rəhbəri, Əməkdar Artist Nofəl Vəliyev səmimi qarşılandıqları üçün minnətdarlıqlarını ifadə edərək LDU-ya kadr hazırlığı ilə bağlı kömək göstəriləcəyini bildiriblər.
Görüşdə tələbə-aktyorlara və tamaşaların hazırlanmasında əməyi olanlara fəxri fərmanlar və hədiyyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB