“YARAT” Müasir İncəsənət Mərkəzində Orxan Hüseynovun “Əziz sevgilim” adlı fərdi sərgisi açılıb

“YARAT” Müasir İncəsənət Mərkəzində Orxan Hüseynovun “Əziz sevgilim” adlı fərdi sərgisi açılıb

Martın 10-da "YARAT" Müasir İncəsənət Mərkəzində gənc və istedadlı rəssam Orxan Hüseynovun "Əziz sevgilim" adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimindən əvvəl mətbuat konfransı keçirilib. Rəssamın "YARAT" tərəfindən sifariş olunan üç yeni irihəcmli əsəri barədə məlumat verilib.

Qeyd edib ki, bu əsərlər gündəlik həyatımızın, söhbətlərimizin əsas mövzusu və məlumat toplama prosesinin bir hissəsinə çevrilmiş alternativ reallıqlara və uydurma hekayələrə tamaşaçının diqqətini cəlb edir. Bu hekayələrin əksəriyyəti internetin xəbər saytları, e-poçt, sosial şəbəkələr və s. vasitələrlə yayılır. Müasir siyasət dünyasında olduğu kimi, Orxan Hüseynovun əsərlərində də "Doğru" və "Yalan" anlayışları aktuallığını itirmiş kimi göstərilir və onlara populyar alternativ olaraq "İmkan" və "Etimad" anlayışları təqdim edilir.

Vurğulanıb ki, "Əziz sevgilim" məhz nəyin "etibarlı" və "mümkün" sayıldığı bir müstəvidə cərəyan edir. Sərgi ilə eyni adı daşıyan giriş əsəri diqqəti Orxan Hüseynovun 2016-cı il ərzində aldığı sayı-hesabı bilinməyən fırıldaq e-məktublar kolleksiyasına cəlb edir. Bu məktublar, mahiyyət baxımından bir-birinə çox bənzəyir və onların başlıca məqsədi, məktubu qəbul edənin şəxsi məlumatlarını ələ keçirməkdir. Belə ki, hərtərəfli uydurulmuş bu hekayələr və əksər hallarda çox gözəl cümlələrlə yazılmış bu "nağıllar" inandırıcıdır və oxucuya şəxsən ünvanlanma hissini bəxş etməklə, onu inanmağa vadar edir. Əgər son dərəcə sadəlövh olsaq və əgər "külli miqdarda pulların əldə edilməsi" ilə bağlı hissələri kontekstdən çıxarsaq, bu məktubların "mümkün" hekayələrini "etibarlı" saya bilərik. Beləliklə, Orxan Hüseynov bu spam məktubları qruplaşdırmağı və kitab formasında dərc etməyi qərara alıb. Ənənəvi qalın cildli kitabda dünyanın hər yerindən rəssama tanış olmayan şəxslər tərəfindən yazılmış bu məktubların ədəbi keyfiyyətləri vurğulanır. Orxan Hüseynov sənədli film və fantastika janrlarının harmonik optimal uyğunluğunu tapan vizual dildən istifadə etməklə, bu hekayələrin "etibarlığını" söz yaradıcılığından daha üstün formada təqdim edir. Əsas qəhrəman öz simasını əldə etdikdən sonra, faciələr vasitəçi film ilə münasibətdə daha fərdi və monumental olur.

Sərginin ikinci əsəri, "Calentamiento Global" ("Qlobal istiləşmə") adlanır və ötən əsrin 90-cı illərinin Meksika teleseriallarını, Azərbaycanda, eləcə də dünyanın bir çox populyar televiziya təcrübəsində geniş yayılmış televiziya verilişlər tipini başqa formaya salır. Orxan Hüseynov dialoqları ispan dilindən olan səslənməni Azərbaycan dilinə yenidən dublyaj edərək, şəxsən tərtib etdiyi yeni mətn ilə əvəzləyib. Orijinal teleseriallar qəhrəmanlarının şəxsi faciələrini iqlim dəyişikliyinə dair istehzalı, bəzən isə sarkastik dialoqlar əvəz edir. Emosional, formal və elmi mövzular arasında vasitəçi rolunu oynayan dildən istifadə edən bu əsər, çox qəribə mərhəmət hissini oyadan emosional rolla ziddiyyət təşkil etməklə, sürrealistik görünür. Bu yeni dialoqun ənənəvi teleserialına rəğmən daha çox yumoristik formada qoyuluşu, ümumilikdə, siyasi spektrdə iqlim dəyişikliyi adlı demaqogiya söhbətinin iç üzünü göstərir. Bu söhbətin, etiraz, faktlar və emosiyalar arasında hərəkət edən ironik reallığını əhatə edir.

Sərginin "Koloradisi juk" ("Kolorado böcəyi") adlı sonuncu əsərinin təqdimatında ənənəvi Azərbaycan restoran musiqiçilərindən ibarət qrup Orxan Hüseynovun sözlərinə yazılan 4 mahnını ifa edib. Sərginin açılış tədbirindən sonra isə səhnə boş qalmayıb, canlı musiqiçilərin çıxışı geniş ölçülü ekranda nümayiş olunub. Qeyd edək ki, Calentamiento Global əsərində olduğu kimi, bu əsər də özündə ənənəvi musiqi kompozisiyalarında yeni yazılmış mahnı mətnlərini birləşdirir. Sərgi iyunun 4-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə