"İşığa Gedən Yol" kitabının təqdimat mərasimi keçirilib FOTOLAR
Bu gün Azərbaycan Milli Elmlər Akademisyasının Mərkəzi Elmi Kitabxanasında "Kaspi" qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın milli mətbuatımızın banisi, görkəmli ziyalı, maarifçi və publisist Həsən bəy Zərdabinin ömür yoluna həsr olunmuş "İşığa gedən yol" romanının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Milli Məclisin deputatları, ziyalılar və AMEA-nın alimlər iştirak ediblər.
Tədbiri professor Asif Rüstəmli açaraq roman haqqında geniş məlumat verib. Qeyd edib ki, Sona xanım Həsən bəy Zərdabi haqqında belə böyük bir roman ərsəyə gətirməklə mətbuat tariximizi yenidən araşdırıb.
"İşığa gedən yol"u Azərbaycan tarixinin və ictimai-siyasi fikrinin son dərəcə maraqlı və zəngin bir dövrünü əhatə edən əsər adlandıran professor Asif Rüstəmlinin sözlərinə görə, tarixi materiallar əsasında yetərincə dəyərləndirmə, tarixi faktlar əsasında bədii körpü yaratmaq baxzımından əsər çox dəyərlidir: "Zərdabinin həyatı, dünyagörüşü, müasirləri yetərincə maraqlı obrazların canlandırılması ilə əsər tarixi olduğu qədər bədii, bədii olduğu qədər də tarixidir. Əsərin oxunaqlığını təşkil edən başlıca keyfiyyətlərdən biri bu əsərlərdə şəxsiyyətlərin, ictimai-siyasi xadimlərin öz adları ilə verilməsi, yəni, bədii obraz yaratmaqdan daha çox tarixiliyə önəm verilməsi əsərin üstün keyfiyyətidir".
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qeyd etdi ki, hər bir xalqı millət kimi formalaşdıran onun tarixi şəxsiyyətləridir: "Belə ki, 19-cu əsrdə Abbasquluağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, 20-ci əsrdə Nəriman Nərimanov, Məmmədəmin Rəsulzadə, Əhmədbəy Ağaoğlu, Əlibəy Hüseynzadə kimi şəxsiyyətlər haqqında yazmaqla onları xalqa daha çox sevdiririk. "İşığa gedən yol" romanı da Azərbaycan jurnalistikasına gözəl bir töhfədir. İndiyə qədər milli jurnalistikamızda Həsən bəy Zərdabi haqqında belə geniş mənbə yox idi".
Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli əsərin bütövlükdə roman janrına cavab verdiyini qeyd etdi: "Həsən bəy Zərdabi hşaqqında hər kəsin bir məlumatı var. Bu kitabda Zərdabi o dövrdə və ətrafında olduğu adamlar barədə materiallar ortaya qoyulub".
Bu günümüz üçün belə romanların yazılmasının vacibliyini qeyd edən Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli indiyə qədər insanların Həsən bəy Zərdabini daha çox milli mətbuatın banisi kimi tanıdıqlarını qeyd etdi: "Biz hamımız Zərdabini "Əkinçi" qəzetinin təsisçisi kimi tanımışıq, maarifçiliyindən xəbərdar olmuşuq. Əsərdə isə Zərdabinin yaşadığı dövr, həmkarları ilə maarifçilik hərəkatı uğrunda apardığı mübarizə ətraflı qələmə alınıb".
Xalq şairi Sabir Rüstəmxanlı bildirdi ki, romanda həm Zərdabinin yaşadığı dövr, həm Azərbaycan ziyalılarının tarixi, onların fikir dünyası dəqiqliklə əks olunub: "Romanın içində müəllifin öz obrazı var. Bu, ziyalı Azərbaycan qadınının rəsmidir".
Tədbirdə AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, millət vəkili Elman Nəsirov, "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru Hikmət Babaoğlu, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, yazıçılardan Akif Əli, Kənan Hacı və tənqidçi Vaqif Yusifli kitab haqqında fikirlərini bölüşüblər, romanın Azərbaycanın dahi şəxsiyyətlərinin və tarixinin öyrənilməsində gözəl bir mənbə olduğunu diqqətə çatdırıblar.
"İşığa gedən yol" romanının müəllifi Sona Vəliyeva təqdimatda iştirak edənlərə təşəkkürünü bildirdi. Yaradıcılığının şeirdən ibarət olduğunu deyən S.Vəliyeva Həsən bəy Zərdabini araşdırdıqca onun irsinə doğmalıq duyduğunu qeyd etdi: "Bəzən həyatda özümüzdən asılı olmayan elə mistik proseslər baş verir ki, özümüz də o hadisələrdən baş açmırıq. Məni də Zərdabi haqqında yazmağa bu hislər sövq etdi. Həsən bəy Zərdabinin yaradıcılında məni sövq edən onun millətinə təmənnasız sevgisi oldu".
Əsəri işlədikcə axtarışlar etdiyini, o dövrün şəxsiyyətlərini soraqlaşa-soraqlaşa millətin böyüklüyünə vurulduğunu deyən S.Vəliyeva onların keçdiyi məşəqqətli yolu sanki addımladığını dedi: "Mənə güc verən nə idi? Heç bir ümid olmayan yerdə Həsən bəy Azərbaycanın müstəqilliyinə inanır. Ona görə mən də hər bir Azərbaycan ziyalısının çətinliyini görəndə ürək ağrısı ilə qarşılayıram. Bu işığın gələcəyə ötürülməsi üçün mən Həsən bəy Zərdabiyə borcluyam. O kökdə ilahi sevgi durur. Mənim beynimdə mövzular dolaşır. Qismət olsa, sizinlə yeni romanların təqdimatında görüşməyi arzulayıram".





.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB