“Xocalı soyqırımı-25” adlı kitab sərgisinin açılış mərasimi olub
Milli Kitabxanada Xocalı soyqırımının 25 illiyi münasibətilə "Xocalı soyqırımı-25" adlı kitab sərgisinin açılış mərasimi olub. SİA-nın məlumatına görə, tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açmış, soyqırım qurbanlarını və ümumilikdə Azərbaycanın müstəqilliyi, bütövlüyü uğrunda şəhid olmuş övladlarının ruhunu bir dəqiqəlik sükutla yad edib.
Sonra o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli "Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında" Sərəncamından danışaraq haqq səsimizi dünyaya çatdırmağın vacibliyini vurğulayıb, Xocalı soyqırımını dünyaya tanıtmaq məqsədilə respublikada silsilə tədbirlərin keçirildiyini, ölkə başçısının iştirakı ilə Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəyə doğru ümumxalq yürüşünün təşkil edildiyini, Xocalı həqiqətlərinin dünyada yayılması, bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün Azərbaycan dövlətinin bütün zəruri addımlar atdığını, bu sahədə ilk fəaliyyət Ümummilli Lider Heydər Əliyev cənablarının Azərbaycanda hakimiyyətə qayıdışından sonra başladığını bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlamış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq bir sıra ölkələrdə Xocalı soyqırımıyla bağlı müvafiq qərarların qəbul edildiyini, lakin bu cinayətin hələ də hüquqi qiymət almadığını söyləmiş, gələn ilin bu gününü Qarabağda, Xocalıda keçirməyi arzulayıb.
Tədbirdə kitabxananın əməkdaşları, Yazıçılar Birliyinin üzvləri Səyyarə Məmmədli və Fəridə Hacıyeva Xocalı soyqırımının 25 illiyinə həsr etdikləri şeirləri səsləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB