Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin birinci yarısı üçün iş planına əsasən Lənkəran və Masallı Regional Mədəniyyət və Turizm İdarələrinin fəaliyyətinə həsr olunmuş zona müşavirələri keçirilib. SİA-nın məlumatına görə, müşavirədə Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun məsləhətçisi Əlisultan Sadıxov, Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüsal Nəsirli, Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Lətifə Mövsümova və İdarələrin Yardımlı, Cəlilabad, Astara, Lerik rayonları üzrə nümayəndələri və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.
Müşavirədə "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli 1932 nömrəli Sərəncamının icrasının təmin edilməsi, Nazirliyin Regional Mədəniyyət və Turizm İdarələrinin fəaliyyətinin təşkili istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib, regional idarələrin yeni əsasnamələri və ştat cədvəlləri barədə geniş məlumat verilib.
Bildirilmişdir ki, Dövlət başçısının müvafiq Sərəncamına əsasən şəhər (rayon) mədəniyyət və turizm idarələrinin (şöbələrinin) bazasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Nazirliyin 15 Regional İdarəsi yaradılmışdır. Masallı Regional Mədəniyyət və Turizm İdarəsinə Yardımlı, Cəlilabad rayonları, Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinə Astara, Lerik rayonları daxildir.
Müşavirədə işə qəbulu zamanı ixtisas təhsilli kadrlara üstünlük verilməsi, mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir dövrün tələbləri əsasında qurulması, mədəniyyət və turizm müəssisələrinin əlaqəli fəaliyyətinin təşkil edilməsi, təcrübə mübadiləsinin aparılması, maliyyə intizamına nəzarət və digər aktual məsələlərə diqqətin artırılmasının vacibliyi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB