Azərbaycanda davamlı turizmin təmini yolları: aqroturizm nümunəsində

Azərbaycanda davamlı turizmin təmini yolları: aqroturizm nümunəsində

Son illərdə Azərbaycanda turizmə, xüsusilə xarici turistlərin ölkəmizə gəlişinə böyük diqqət yetirilir. SİA-nın məlumatına görə, qeyri-neft sektorunun aparıcı istiqaməti kimi turizmin hərtərəfli inkişafı üzrə Pezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət sayəsində bu sahə ölkə iqtisadiyyatının prioritetlərindən birinə çevrilib. Hazırda dövlət tərəfindən turizm infrastrukturunun dünya standartları səviyyəsinə çatdırılması üzrə tədbirlər gerçəkləşdirilir.

Eyni zamanda, Azərbaycanın ənənəvi kənd təsərrüfatı rayonlarının zəngin mədəni-tarixi irsinin mövcudluğu, iqlim və landşaft özəlliklərinin fövqəltəbii sayda müxtəlifliyi ölkəmizdə zəngin turizm potensialına malik aqroturizmin və onun əsas seqmenti - ekoturizmin inkişafı üçün ideal ərazi formalaşdırır. Bu, həm milli iqtisadiyyat, həm də beynəlxalq turizm biznesi çərçivəsində keçərli iddiadır. Bütün bunlarla birgə ölkədə aqroturizm proqramlarının inkişafı üçün daha bir vacib amil milli qonaqpərvərlik və milli mətbəxdir. Müasir texnologiyalara müvafiq kənd qonaq evlərinin və ekoaqro təsərrüfatlarının təşkili bu cür layihələrin hərəkətverici qüvvəsidir. Məhz bu istiqamət hazırda beynəlxalq rekreasiya biznesi sahəsində ən dinamik inkişaf edən istiqamətdir. Belə ki, Ümumdünya Turizm Təşkilatının 2017-ci ili dünyada davamlı turizm ili elan etməsi ilə bu məsələ öz aktuallığını daha da artırıb.

Bununla əlaqədar olaraq Gəncə şəhərində Azərbaycan Turizm və Menecment Universiteti "Turizm və qonaqpərvərlik" fakültəsi ilə Azərbaycan Dövlət Aqraq Universiteti "Aqrobiznes və İdarəetmə" fakültəsi əməkdaşlığı çərçivəsində ölkəmizin davamlı turizmi təmin etməyin yollarından biri olan aqroturizm potensialının mövcud vəziyyətinə həsr olunmuş "Azərbaycanda davamlı turizmin təmini yolları: aqroturizm nümunəsində" mövzusunda dəyirmi masa keçirilib.

Dəirmi masada ATMU-nun"Turizm və qonaqpərvərlik" fakültəsinin dekanı, dosent, Rəhman Səfərov "Azərbaycanda turizmin müasir meylləri" , "Turizm biznesi" kafedrasının müdiri, dosent, Bahadur Bilalov "Azərbaycanda keçirilən məhsul bayramlarının turizmdə istifadəsi yolları"; "Turizm biznesi" kafedrasının dosenti, Məmməd Sadıqov "Azərbaycanın şimal regioanlarında turizmin inkişaf istiqamətləri"; ADAU-nu təmsilən isə Aqrobiznesin təşkili və idarə edilməsi kafedrasının assistenti, Müşfiq Hüseynov "Gəncə-Qazax iqtisadi rayonunda aqroturizmin inkişaf perspektivləri"; Menecment və aqrar marketinq kafedrasının assistenti Fərrux Rəhimov "Ənənəvi əl sənətlərinin turizmin inkişafında rolu və onların CİS-i (Coğrafi İnformasiya Sistemləri) vasitəsi ilə təbliği"; Mühasibat uçotu və audit kafedrasının assistenti İsa Şəfiyev "Aqroturizmin inkişaf perspektivləri (Yuxarı Qarabağ iqtisadi rayonunun timsalında)"; Menecment ixtisasının II kurs tələbəsi Sahil Məmmədov "Turizm menecmenti ölkənin turizm sahəsinin əsas inkişafı kimi" mövzularda məruzələri əsasında müzakirələr aparılıb.

Tədbirdə Azərbaycanda davamlı turizmin təmini yollarından biri kimi aqroturizm işinin təşkili və gücləndirilməsi məqsədilə əməli tədbirlərin görülməsinə dair bir sıra maraqlı təkliflər irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə