29 noyabr- 1 dekabr 2016-cı il tarixində Sofiya şəhərində keçiriləcək "Dünya sivilizasiyaları və yaradıcı turizm" mövzusunda beynəlxalq konqresdə iştirak məqsədilə nazir müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti Bolqarıstanda səfərdədir. SİA-nın məlumatına görə, "Dünya sivilizasiyaları və yaradıcı turizm" adlı beynəlxalq konqresdə turizm və memarlıq, dizayn, incəsənət, texnologiya, elm və digər sahələri əhatə edən yaradıcı sənaye arasında əməkdaşlıq vasitəsilə dünya sivilizasiyalarının necə həyata qaytarılması müzakirə olunacaq.
Konqres turizm üzrə dövlət və özəl sektorun təmsilçiləri üçün mədəni turizmin yeni və innovativ formalarını təşviq edən strategiyaların hazırlanmasına dair ideya və təcrübə mübadiləsinə şərait yaradan unikal platforma hesab olunur.
"Dünya sivilizasiyaları və yaradıcı turizm" adlı beynəlxalq konqres turizm və yaradıcı sənaye arasında əməkdaşlıq və tərəfdaşlığın maddi və qeyri-maddi irsin mühafizəsi və təbliğində əhəmiyyətli rolu və sosial-iqtisadi mənfəətlərini müzakirə etmək məqsədi daşıyır.
Bolqarıstan Respublikasının Turizm Nazirliyi və Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı tərəfindən birgə təşkil olunan konqres turizm nazirlərini, digər dövlət və özəl sektorun təmsilçilərini, həmçinin yaradıcı sənaye üzrə beynəlxalq səviyyədə tanınmış mütəxəssisləri, turizm və dünya sivilizasiyaları üzrə ekspert və alimləri bir araya gətirəcək.
Səfər çərçivəsində Bolqarıstanla mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın inkişafı barədə danışıqların aparılması məqsədi ilə müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB