Fransa Respublikasının ölkəmizdəki səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri, Azərbaycandakı Fransız İnstitutunun direktoru Yohan Şiterer və təhsil əlaqələri üzrə məsul şəxs Batist Minyo Azərbaycan Turizm və Menecment Universitetinin qonağı olub. SİA-nın məlumatına görə, ali təhsil müəssisəsində səmimi qarşılanan fransalı qonaqlara ATMU- da rektor səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanov ATİ-nin ATMU-ya kimi inkişafındakı 10 illik dövr barədə ətraflı məlumat verib. Universitetin fəaliyyətə başladığı ilk günlərdən dünyanın nüfuzlu ali məktəbləri ilə ikitərəfli səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb. Həmçinin bir sıra beynəlxalq statuslu turizm təşkilatları ilə ATMU arasında davam edən çoxillik əməkdaşlığın uğurla nəticələndiyini konkret faktlarla isbatlayıb. Dünyanın məşhur diyarlarından biri kimi tanınan Fransa Respublikasının yüzillik turizm təcrübəsindən yararlanmağın əhəmiyyətli olacağına əminliyini bildirib. Hazırda ali təhsil ocağının 10-a yaxın tələbəsinin səfirlik və Azərbaycan Fransız İnstitutunun dəstəyi ilə fransız dili kurslarında oxuması faktını xüsusi dəyərləndirib. Öz növbəsində Fransa Respublikasının ölkəmizdəki səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri, Azərbaycandakı Fransız İnstitutunun direktoru Yohan Şiterer isə universitet rəhbərliyi səviyyəsində səmimi qarşılandıqları üçün təşəkkür edib. Dünya çapında və ictimai fikirdə Azərbaycanın turizm məkanı kimi tanındığını, turizmin strateji məqsədə xidmət etdiyini ,eyni zamanda fransız dilinin beynəlxalq dil statusu daşıdığını deyib. Bu baxımdan universitet tələbələrinin fransız dilini öyrənmələri üçün münasib şəraitin yaradılmasına hazır olduqlarını diqqətə çatdırıb. Qarşılıqlı fikir mübadiləsindən sonra ATMU və Fransız İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Cənab Y. Şiterer bağlanan müqavilənin iki ölkə arasında təhsil əlaqələrinin inkişafı baxımından töhfə verəcəyinə əminlik ifadə edib. Anlaşmaya uyğun olaraq Azərbaycan Fransız İnstitutunun dəstəyi ilə Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri üçün fransız dili və fransaşünaslıq kursları açılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB