Bu dəfə "Torpaq uğrunda ölən varsa Vətəndir" layihəsi Vüqar Yusifova həsr olundu

Bu dəfə "Torpaq uğrunda ölən varsa Vətəndir" layihəsi Vüqar Yusifova həsr olundu

Bu gün Azərbaycan İstiqlal muzeyinin ekspoziyasında aprel döyüşlərində həlak olan polkovnik Vüqar Yusifova həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan İstiqlal muzeyinin direktoru Fəridə Şəmsi, millət vəkili Mahir Abbaszadə, döyüş yoldaşları, dostları, ailə üzvləri iştirak edib.

Tədbirdə öcə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Mərasimdə V.Yusifova həsr olunmuş sənədli film nümayiş olunub.

Daha sonra millət vəkili Mahir Abbaszadə çıxış edərək şəhid Vüqar Yusifov haqda söz açıb: "Şəhid Vüqar Yusifovun yaşadığı həyata diqqət yetirəndə onun ata-anasını alqışlayıram. Çünki V.Yusifovu məhz Azərbaycan torpaqlarını qorumaq üçün böyüdüblər. Biz Vüqarın timsalında aprel döyüşlərində şəhid olan əsgərlərimizi qəlbimizdə yaşatmalıyıq. Onları heç vaxt unutmamalıyıq. Aprel döyüşləri ermənilərə göstərir ki, əgər bizim torpaqlarımızdan rədd olub getməsəniz, Lələ təpədə ölən erməni əsgərlərinin halına düşəcəklər. Əsgərlərimiz bu döyüşdə sübut etdilər ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin tapşırığını gözləyirik. Hər an torpağımız üçün döyüşə hazırıq. Müasir silahlarımız da var. Ümid edək ki, Vüqar Yusifovun adına məktəblər, xəstəxanalar açılacaq".

Muzeydə təşkil olunmuş sərgidə Vüqar Yusifovun şəxsi əşyaları nümayiş olunub.

Nəzərinizə çatdıraq ki, Vüqar Yusifov 2 noyabr 1976-cı ildə Şəmkir rayonunun Şiştəpə kəndində dünyaya gəlib. Türkiyədə Quru Qoşunları Ali Hərbi Məktəbində təhsilini başa vurduqdan sonra, Azərbaycana qayıdıb və Müdafiə Nazirliyinin N saylı Xüsusi Təyinatlı Hərbi hissəsində rota komandiri kimi fəaliyyətə başlayıb. Xüsusi Təyinatlı Alayın Qərargah rəisi vəzifəsinə qədər yüksəlib. O, 19 mart 2016-cı ildə, 40 yaşında polkovnik rütbəsi alıb. Aprelin 4-də Goranbay rayonunda Tap Qaraqoyunlu kəndi istiqamətində gedən döyüşlərdə həlak olub.

Qeyd edək ki, bu ildən Azərbaycan İstiqlal Muzeyi Milli Qəhrəmanlarımızı bir daha anmaq məqsədilə "Torpaq uğrunda ölən varsa Vətəndir" adlı layihə start verib.

Bütün xəbərlər Facebook səhifəmizdə