Bu gün VII Avropa Film Festivalının açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə "Park Cinema" kinoteatrlar şəbəkəsinin baş direktoru Namiq Quliyev açaraq festival haqqında danışıb: "Bakıda noyabrın 3-də start götürəcək VII Avropa Film Festivalında Avropa İttifaqının 19 ölkəsində istehsal olunmuş bədii və sənədli filmlər nümayiş olunacaq. Festivalı Yunanıstan və İspaniya açacaq. Noyabrın 12-dək davam edəcək festival çərçivəsində tamaşaçılara komediya, dram, fantastika, macəra janrlarında bədii filmlərlə yanaşı, həm də animasiya və sənədli ekran əsərləri də təqdim olunacaq. Avropa film festivalında Azərbaycan "Qırmızı bağ" dramı ilə iştirak edəcək.
Festivala ilk dəfə qatılan ölkələr olacaq. Festivalın keçirildiyi müddət 10 günədək artırılıb. Filmlərin nümayişi pulsuzdur. Filmlərə girişi sərbəst edərək Avropa mədəniyyətini Azərbaycanda geniş şəkildə təbliğ etmək istəyirik. Ümid edirəm ki, bu il festival filmlərinə gələnlərin sayı çox olacaq".
Mətbuat konfransında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard da festival haqqında məlumat verib: "Artıq 7 ildir ki, VII Avropa Film Festivalı Azərbaycanda keçirilir. Bu çox xoş məqamdır. Xüsusi ilə nəzərinizə çatdırım ki, filmlər orijinal dildə və ingilis dilində alt yazı ilə nümayiş olunacaq. Ekran işləri 2015-2016-cı ildə lentə alınmış filmlərdir. Siz bu filmləri izləyərək Avropaya səyahət edəcəksiniz. Qeyd edim ki, festival çərçivəsində esse yarışması və jurnalistlər üçün məqalə yarışı keçiriləcək. Qaliblər Berlin film festivala dəvət qazanacaq".
Yunanıstanın müvəqqəti işlər vəkili Konstantinos Adamopoulos və İspaniyanın müvəqqəti işlər vəkili Jose Luis Duz Juarez Azərbaycanda VII Avropa Film Festivalında nümayiş olunan ekran işləri barədə danışaraq jurnalistlərə məlumat verib.
Mətbuat konfransı jurnalistlərin sualları ilə davam edib.
Qeyd edək ki, festival Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Aİ-na üzv dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirlikləri və "Park Cinema" şəbəkəsi ilə birgə təşkil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB