“Çəhrayı eynəkdən baxma həyata” FOTOLAR

“Çəhrayı eynəkdən baxma həyata” FOTOLAR

Şəki MKS-nin İ.S. Nakam adına mərkəzi kitabxanasında XX əsrin 40-90-cı illərində Şəkidə yaşayıb-yaratmış, görkəmli pedaqoq-maarifçi, şair- nasir Ələşrəf Şayanın "Çəhrayı eynəkdən baxma həyata" adlı kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri MKS – nin direktoru Seyid Vahabov açaraq ilk öncə iştirakçıları Ələşrəf Şayanın məzmunlu və mənalı ömür yolunun ayrı-ayrı məqamlarını əks etdirən video çarxa baxmağa dəvət edib. Kitabın tərtibçisi və "ön söz" ünün müəllifi, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinovun XX əsr Şəki ədəbi – mədəni mühiti və bu mühitdə Ələşrəf Şayanın yeri və rolu barədəki məlumat xarakterli çıxışından sonra kitab və onun müəllifi haqqında müzakirələrə başlanıb.

Tədbirdə iştirak edən ADPU – nun Şəki filialının kafedra müdiri, pedaqoji elmlər doktoru, professor Firədun İbrahimov, şair-publisist Ramiz Orsər, uzun illər Ələşrəf Şayanla birgə çalışmış əməkdar tarix müəllimi Ruhəngiz xanım Abdullayeva, Yeni Azərbaycan Partiyasının Şəki şəhər təşkilatının aparıcı mütəxəssisi Kamil Məmmədov, əməkdar mədəniyyət işçisi Vaqif Kərimov, qocaman şair-publisist Şahid Məmmədkərimov, şair Veysəl Çərkəz, Şəki şəhər 11 saylı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Gülnarə Cabbarova və Məhsəti Ağaşirinova, həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Füzuli Adışirinov, Şəki şəhər 5 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynurə İsmayılova, şair Bəhram Oxudlu və digər iştirakçılar çıxış edərək Ələşrəf Şayanla və kitabla bağlı xatirə və mülahizələrini söyləyərək kitabın tərtibçi Kamil Adışirinovun əməyini yüksək dəyərləndirərək kitabda verilmiş bədii örnəklərin gənc nəslin mənəvi tərbiyəsində oynayacağı rolu xüsusi vurğulayıblar.

ADPU – nun Şəki filialının filologiya fakültəsinin tələbələri – Aygün Paşayevanın, Nuranə İsmayılovanın, Aytac Mehdiyevanın, Səbinə Cəfərovanın, Roza Yusifovanın və Aytac Cumayzadənin bədii ifasında səsləndirilən Ələşrəf Şayanın şeirləri iştirakçılar tərəfindən xüsusi hərarətlə qarşılanıb.

Tədbirin sonunda Ələşrəf Şayanın qızı İradə xanım Mehdiyeva atasının xatirəsinin yad edilməsi və xüsusilə ağır zəhmət nəticəsində ərsəyə gətirilmiş əsərə görə tədqiqatçı və tərtibçi Kamil Adışirinova öz dərin minnətdarlığını bildirib. Təqdimatın təşkilatçısı Kamil Adışirinov tədbiri yekunlaşdıraraq çoxsaylı iştirakçılar adından MKS – nin rəhbərliyinə tədbirin yüksək səviyyədə təşkili üçün yaradılan şəraitə və təşəbbüsə görə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə