Məşhur fransız dramaturqun pyesi ilk dəfə Azərbaycan səhnəsində

Məşhur fransız dramaturqun pyesi ilk dəfə Azərbaycan səhnəsində

Fransanın məşhur, modern tabuları sındıran dramaturqu kimi tanınan Bernar-Mari Koltesin "Meşələrin astanasındakı gecə" pyesi müstəqil ADO teatrında nümayiş olunacaq. Bu barədə SİA-ya Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Dramaturqun pyesi bir çox dillərə tərcümə olunub və müxtəlif ölkələrdə onun tamaşaları hazırlanıb. Azərbaycanda adıçəkilən dramaturqun pyesi indiyə kimi tərcümə edilməyib və səhnələşdirilməmişdir.

Lakin Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycan Fransa İnstitutunun təşəbbüsü və dəstəyi ilə "Meşələrin astanasındakı gecə" pyesi Azərbaycan dilinə tərcümə olunub."Yağış, yağış, yağış" adlı tamaşa 11 oktyabr saat 19:00-da ADO teatrında nümayiş olunacaq. Tamaşanın rejissoru ADO-nun fransız əsilli aktrisası Elsa Furtadodur. Monotamaşanı teatrın təsisçi və rəhbəri olan aktyor Elmin Bədəlov canlandıracaq. Əsəri Fransız dilindən Azərbaycan dilinə Gülnarə Sadıxova tərcümə edib. Tərcümənin redaktoru isə Minaxanım Əsədovadır.

Onu da qeyd edək ki, premyerada fransız diplomatlar da iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə