Muzey Mərkəzdə Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Azərbaycan bəstəkarları və musiqişünasların elektron kataloqu"nun təqdimatı olub. SİA-nın məlumatına görə, kataloq Azərbaycan Bəstəkarlar İttifaqının "Azərbaycan bəstəkarları və musiqişünasları" layihəsi əsasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş broşürlər üzrə hazırlanıb.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Zemfira Qafarova çıxış edərək broşürun əhəmiyyətindən söz açıb. Bildirilib ki, ideya bir neçə il əvvəl yaranıb. Layihə əsasında indiyə kimi 34 broşür hazırlanaraq çap edilib. Təqdim olunan broşürlərdə təkcə klassiklər deyil, bu gün yazıb-yaradan bəstəkarlar və musiqişünaslar haqqında məlumatlar yer alıb. Layihənin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdıraraq hazırda 18 broşürün də çapa hazırlandığını vurğulanıb. Bildirilib ki, broşürlərdə Əşrəf Abbasov, Şəfiqə Axundova, Elza İbrahimova, Emin Sabitoğlu, İsmayıl Hacıbəyov, Dadaş Dadaşov, Faiq Sücəddinov, Zemfira Səfərova, Rəna Məmmədova və digərləri haqqında məlumatlar yer alıb. "Şərq-Qərb" nəşriyyatında çap olunmuş bu broşürlərdə bəstəkar və musiqişünaslarımız haqqında oxuculara geniş məlumatlar verilir. Bu gün onlar tədris üçün də böyük əhəmiyyətə malikdir.
Layihə üzrə hazırlanmış elektron kataloqun müəllifi, "Musiqi dünyası" jurnalının baş redaktoru, əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədov bildirib ki, kataloqda broşürlərdə yer alan məlumatlarla yanaşı bəstəkar və musiqişünasların əsərləri də yer alıb. Qeyd olunub ki, elektron kataloqa gələcəkdə hazırlanacaq broşürlər üzrə məlumatlar da daxil ediləcək. Daha sonra kataloq tədbir iştirakçılarına təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB