Pantomima Teatrı yeni teatr mövsümünü açır

Pantomima Teatrı yeni teatr mövsümünü açır

Azərbaycan Dövlət Pantomima Teatrı yeni teatr mövsümünü sentyabrın 17-də, xalq artisti Bəxtiyar Xanızadənin "Adajio" tamaşası ilə açacaq. SİA-nın məlumatına görə, "Adajio" müasir Azərbaycan şairlərinin lirikası üzərində qurulmuş ədəbi-musiqili, sözlü-pantomimalı kompozisiyadır. "Adajio" poetik düşüncəsi bir şəhər parkında vaqe olur. Parkda altı gənc qız heykəli növbəli şəkildə canlanaraq buradan təsadüfən keçən və ya bilərəkdən buraya baş çəkən keçmiş sevgililəri ilə birlikdə eşq hekayətlərini danışırlar. Şair tamaşanın əvvəlində öz düşüncələrini bölüşür, sonda isə harmonik müdaxilələrini edir. Bütün bunlar əksəriyyəti Avropa, bir hissəsi Azərbaycan musiqisi olmaqla seçmə kompozisiya və rəqslər ilə müşayiət edilir. Adajio tempində qurulan tamaşanın finalı alleqro ruhunda vüsalla əlamətdardır. Qeyd edək ki, Pantomima Teatrı sentyabrın 24-də S.Hacıyevanın "Dejavü", sentyabrın 25-də Bəxtiyar Xanızadənin "Pantomima buketi" tamaşalarını teatrsevərlərə təqdim edəcək. Tamaşalar Pantomima Teatrının ənənəsinə uyğun olaraq saat 18.00-də nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə