Nizami Kino Mərkəzində Milli Kino Günü ilə bağlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə il ərzində Azərbaycan kinosu ilə bağlı keçirilmiş tədbirlər, təqdimatlar, festivallar, kino günləri, yubileylər, çəkiliş proseslərindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev kino işçilərini peşə bayramı münasibətilə təbrik edərək kino tarixinə kiçik ekskursiya edib. Bildirib ki, Azərbaycanda ilk filmin yaranmasından 118 il ötür. Bu müddət ərzində Azərbaycan kinosu son dərəcə böyük inkişaf yolu keçib. Yüzlərlə yaddaqalan filmlər lentə alınıb: "Azərbaycan filminin ən bəxtiyar günləri əslində ölkəmiz müstəqillik əldə etdikdən sonra başlayıb. Belə ki, filmlərimizi yaşadan, qoruyaraq gələcək nəsillərə ötürən, parametrlərinə görə Cənubi Qafqazda ən böyük və müasir Dövlət Film Fondu yaradılıb. Azərbaycan kinosunun maddi texniki bazasının yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülür. Hazırda ölkədə 200-dən artıq tamaşaçı salonlarında – özəl və dövlət sektorunda filmlər nümayiş olunur. Filmlərimiz demək olar bütün rayonlarda göstərilir. Son 4 ildən çox müddət ərzində C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 20 tammetrajlı bədii, 43 qısametrajlı, 10 cizgi, 86 sənədli film çəkilib. Bu müddətdə filmlərimiz 132 beynəlxalq kinofestivalında iştirak edib ki, bunun da 43-dən ali mükafatlarla qayıdıb. Onu da qeyd edim ki, Azərbaycan iki dəfə beynəlxalq idman filmləri festivalına ev sahibliyi edib. Festivalda 42 ölkədən 90 film nümayiş olunub. Paytaxtımızda üç dəfə keçirilən beynəlxalq turizm filmləri festivalında isə 95 ölkədən 180-dək film təqdim edilib. Bundan başqa xaricdən dəvət olunmuş kino mütəxəssisləri ilə işbirliyi qurulub. "Azərbaycanfilm" kinostudiyasının yenidən qurulması layihəsi ilə bağlı hazırlıq işləri başa çatmaq üzrədir".
Daha sonra nazir müavini Prezident İlham Əliyevin cari il iyulun 29-da "Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların verilməsi haqqında" imzaladığı Sərəncamı diqqətə çatdırıb və fəxri ada layiq görülənləri təbrik edib.
Sonra Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir qrup kino xadiminə pul mükafatı verilib. Həmçinin "Azanfilm" studiyasının elan etdiyi cizgi filmləri müsabiqəsi qalibinin adı açıqlanıb. Müsabiqənin qalibi Sevinc Nuruqızı olub.
Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək rəhbərlik etdiyi qurum tərəfindən görkəmli kino xadimlərinin ilboyu yubileylərinin qeyd olunduğunu, həmçinin veteran sənətkarlara mükafatların verildiyini söyləyib.
Sonra Ayaz Salayevin "Qarabağın həsrət salnaməsi" layihəsinin təqdimatı olub. O, layihə barədə məlumat verib. Bildirib ki, belə bir layihəni həyata keçirmək çoxdankı arzusu olub. Qeyd edib ki, internet layihəsində 2 mindən çox insan çəkilib. Bunlardan hələlik 40 videoçarx hazırlanıb.
Milli Kino Günündə dörd gənc rejissorun Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə aldığı qısametrajlı filmlərdən ibarət "40-cı paraleldə" kinoalmanaxının təqdimatı olub. Nümayişdən əvvəl filmlərin yaradıcı heyətləri səhnəyə dəvət olunublar.
Çıxış edənlər yaradılan fürsətə görə minnətdarlıqlarını bildiriblər.
Daha sonra kinoalmanaxa daxil olan "Postskriptum", "Onun atası", "Hədiyyə" və "Qara bağ" filmləri nümayiş olunub.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB