Tanınmış alimlərin iştirakı ilə regional təlimlərə start verilib FOTO

Tanınmış alimlərin iştirakı ilə regional təlimlərə start verilib FOTO

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı və Milli Azərbaycan Tarix Muzeyinin alim heyətinin iştirakı ilə, iki müəssisə arasında imzalanmış anlaşma memorandumuna əsasən bölgələr üzrə keçiriləcək ilk təlimlər başlanıb. SİA-nın verdiyi xəbərə görə, Tərtər rayonunun Heydər Əliyev Mərkəzində 12 rayonu təmsil edən Tarix və Tarix–Diyarşünaslıq Muzeyləri işçilərinə "Tarix və Tarix Diyarşünaslıq Muzeylərində fond və ekspozisiya işinin təşkili" adlı təlim keçirilib.

Respublikanın bütün bölgələrini əhatə edəcək təlimi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin əməkdaşları Pakizə Almazova və Nurəddin Babayev aparıblar. Həmçinin AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi fond işləri üzrə direktor müavini - baş mühafiz, tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalovа, muzeyin Silahlar və Bayraqlar fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Sevinc Vahabova geniş məruzələrlə çıxış ediblər.

Tədbirin əsas hədəfi fond və ekspozisiya işinin səmərəli və müasir tələblərə uyğun təşkilidir. Təlimçilər tərəfindən sözügedən istiqamətdə beynəlxalq təcrübə habelə mövcud qanunvericilik haqqında geniş məruzələr edilib.

Təlimin sonunda muzeylərdə müşayət olunan problemlər haqqında iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb. Mövzu üzrə ixtisaslaşmış alimlərlə mütəmadi görüşlərin təşkili, Tarix-Diyarşünaslıq Muzeylərinin işində müsbət əks olunacağı fikiri bildirən tədbir iştirakçıları sözügedən təlimlərin gələcəkdə də davam olunmasının zəruriliyini qeyd ediblər.

Təlimin sonunda muzey işçiləri xüsusi sertifikatlarla təltif olunub.

Yuxarıda qeyd olunan əməkdaşlıq memorandumuna əsasən yerlərdə təlimlərin təşkili ilə yanaşı, muzey işinə həsr olunmuş birgə metodiki vəsaitlərin hazırlanması da nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə