Çimərliklər niyə pulsuz deyil? ARAŞDIRMA

Çimərliklər niyə pulsuz deyil? ARAŞDIRMA

Paytaxtımızda artıq çimərlik mövsümünə start verilib. SİA-ya Bakıda yerləşən məşhur istirahət mərkəzlərinin xidmətləri və qiymətləri ilə bağlı araşdırma aparıb. Araşdırma zamanı ötən ilə nisbətən çimərliklərə girmə qiymətlərində dəyişikliklər müşahidə olunub.

Nardaranda yerləşən "Sea Breeze hotel" qiymətlər həftənin bütün günü üçün 20 manatdır. 10 yaşadək uşaqlara isə giriş pulsuzdur.

Novxanıda yerləşən "Af Hotel Aqua Park"a girişin qiyməti 15 AZN-dir. 12 yaşdan yuxarı uşaqlar üçün 10 manat ödənilməlidir. 2 yaşına kimi uşaqlara isə giriş pulsuzdur. Qiymətə əyləncəli oyunlar, "lejanka", axşamlar açıq havada diskoteka daxildir.

Bilgəh qəsəbəsində yerləşən "Amburan" çimərlik mərkəzinə girişin qiymətləri fərqlidir. Belə ki, bazar ertəsi 18 AZN, cərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə 20 AZN, həftəsonu isə 25 AZN-dir. 7 yaşa qədər olan uşaqlara giriş pulsuzdur. Bu qiymətə hovuz, adi "lejanka", futbol meydançası, mini qolf meydançası və s. daxildir. Qoyulmuş xüsusi divanlarda dincəlmək istəyənlər isə əlavə 25 manat ödəməlidirlər.

"Ramada Bakı" çimərliyinə həftəiçi giriş 20 manat, həftəsonu isə 30 manatdır.

Qiymətlərin bu qədər baha olması ilə bağlı Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov fikirlərini bildirib: "Hazırda bazar iqtisadiyyatıdır. Ona görə çimərliklərimizdə qiymət baxımından bu qədər artım müşahidə olunur. Amma icra hakimiyyətinin başçıları insanlar üçün şərait yarada bilər. Belə ki, çimərlikləri pulsuz edə bilərlər".

Araşdırmamız zamanı Sabunçu Rayon İcra Hakimiyyəti, Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Sualımıza cavab verən tapılmadı.

Bakıda yerləşən məşhur istirahət mərkəzlərində insanların təhlükəsizliyi də mühim rol oynayır. Ortaya "Dincəlməyə gələnlərin təhlükəsizliyi qorunurmu?" sualı ortaya çıxır. Məsələ ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidməti münasibət bildirib: "Polis çimərliklərdə reydlərə başlayıb. Xəzər dənizinin sahilboyu ərazilərindəki çimərliklərdə, əyləncə mərkəzlərində, digər kütləvi istirahət yerlərində əcnəbilərin və ölkə vətəndaşlarının təhlükəsizliklərini təmin etmək, sağlamlıqlarını qorumaq məqsədilə Bakı şəhər Baş Polis İdarəsinin müvafiq qurumlarının əməkdaşlarından ibarət qruplar təşkil olunub. Paytaxtın ümumilikdə 6 rayonun inzibati ərazisindəki çimərliklərdə fəaliyyət göstərən 86 iaşə obyektində sanitariya-gigiyena və epidemiya qaydalarına, istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin tələblərinə əməl edilməsinin vəziyyəti yoxlanılıb. Yoxlamalarla Xəzər və Sabunçu rayonlarında fəaliyyət göstərən 16, Suraxanı rayonunda 4 iaşə obyektinin sahibinə İnzibati Xətalar Məcəlləsinin 211 (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması), Binəqədi rayonunda fəaliyyət göstərən 3 obyektin sahibinə isə 266.3-cü (məişət tullantılarının tutumlardan kənar yerlərə atılması) maddələri ilə, ümumilikdə, 23 şəxsə inzibati xəta haqqında protokol tərtib və onların məsuliyyətə cəlb olunmaları təmin edilib. Vətəndaşların sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması və çimərlik ərazilərində antisanitariya şəraitinin aradan qaldırılması istiqamətində tədbirlər çimərlik mövsümü başa çatanadək davam etdiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə