Azərbaycana beynəlxalq sərmayələri cəlb etməklə, ölkəmizi dünyanın bənzərsiz görüşlər məkanına çevirmək istiqamətində durmadan çalışan Azərbaycan Konqreslər Bürosu cari il üçün nəzərdə tutulan fəaliyyət planını uğurla həyata keçirməkdə davam edir. SİA-nın verdiyi xəbərə görə, cari ilin ilk aylarından etibarən Büro dünyanın müxtəlif ölkələri ilə işləyərək, hədəf bazarlarla yaxın əlaqələr qurub və eləcə də beynəlxalq konqres və seminarlarda iştirak edib.
Büro ilin ilk turizm sərgisi olan və Nyu-York şəhərində baş tutan ənənəvi "The New York Times Travel Show" sərgisində Mədəniyyət və Turizm Nazirliyinin respublikamızın turizm potensialını təbliğ etmək məqsədilə təşkil etdiyi stenddə yer alıb.
Büro "ACE of MICE 2016" - Konqres, Görüş və Tədbirlər sahəsi üzrə beynəlxalq turizm sərgisində də iştirak edib. Beynəlxalq işgüzar turizm bazarında önəmli yer tutan "ACE of MICE" sərgisi cari ilin mart ayında Türkiyənin İstanbul şəhərində baş tutub. Tədbir zamanı, Büro Türkiyənin assosiasiyaları və cəmiyyətləri ilə bir sıra uğurlu görüşlər keçirib.
Həmçinin Büro "IMEX Frankfurt" beynəlxalq sərgisində iştirak edib və bir neçə təqdimat keçirib. Təqdimat zamanı Avropa və Asiyadan olan alıcılara ölkəmizin görüş məkanları nümayiş etdirilib. Xarici sərmayələrin cəlb olunması və dünya turizm bazarında əvəzolunmaz görüşlər məkanı statusunun qazanılması baxımından Büronun bu cür tədbirlərdə iştirak etməsi olduqca vacib hesab olunur. Belə tədbirlərdə Azərbaycanın turizm potensialının tanınması turizm sahəsində görülən işlərə böyük bir dəstəkdir.
Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan Büro eyni zamanda 3 ilə yaxın fəaliyyəti dövründə ölkəmizin turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən mühüm platformaya çevrilməyi bacarıb.
Qeyd etmək gərəkdir ki, 2016-ci il Təlimlər Planına əsasən Büronun üzvlüyündə olan mehmanxana, turizm agentlikləri və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər üçün müxtəlif təlimlər keçirilib. Təlimlərin təşkilinin əsas məqsədi yerli turizm şirkətləri və mehmanxanaların işinin yaxşılaşdırılması, turistlərin sayının artırılması və bunun sayəsində də gəlirlərin artırılmasıdır.
Büro cari il üçün nəzərdə tutulan ilk təlimini fevral ayının 9-da təşkil edib. Əsas mövzusu "Müvəffəqiyyətli biznes təklifin hazırlaması" olan təlimdə biznes təkliflərin əhəmiyyəti, planlaşdırılması müzakirə olunub və eyni zamanda uğurlu biznes təklifləri hazırlanmasında yaxşı təcrübələr nəzərdən keçirilib.
Növbəti təlim isə sərgilərdə iştirakın səmərəliyinin artırılması yolları üzrə olub və mart ayının 7-də Büronun icraçı direktoru Florian Sengstschmid tərəfindən aparılıb. Təlimdə müzakirələr əsasən ixtisaslaşmış ticarət sərgiləri, belə sərgilərin əhəmiyyəti, marketinq üsulları, ticarət sərgiləri zamanı, ondan əvvəl və sonra atılacaq addımlar kimi mövzuları əhatə edib.
Cari ilin may ayının 3-də Büro Yaxın Şərq və Hindistan bazarlarının potensialının öyrənməsinə dair təlim keçirib. Tədbirdə, həmçinin həmin bazardan olan alıcıların xüsusiyyətləri, imkanları və bir çox digər aspektlər müzakirə olunub. Seminarda iştirak edən Büro üzvləri də bu bazarla çalışdıqları zaman qazandıqları təcrübəni iştirakçılarla paylaşıb.
Büro tərəfindən keçirilən ən son təlimdə yenidən səyahət təşviqi sahəsinə toxunulmasının əsas məqsədi ölkəmiz üçün xüsusi həvəsləndirici səyahət ideya və planlarının işlənib hazırlanması olub.
Əsas məqsədlərindən biri ölkəmizə iri miqyaslı tədbirlərin cəlb olunması olan Büronun fəaliyyətinin ən əsas işlərindən biri dünya nüfuzlu tədbirlərin Azərbaycanda keçirilməsi olub.
İlk dəfə olaraq Azərbaycan Konqreslər Bürosunun təşəbbüsü və dəstəyi ilə "Baku Glass 2016" beynəlxalq tədbiri ölkəmizdə təşkil olunub. Büro tədbirin uğurla keçirilməsi və bütün tərəflərin bu tədbirdən tam şəkildə faydalana bilməsi üçün böyük bir səylə çalışıb.
Tədbir iştirakçıları "Baku Glass 2016"ya qoşulmaqla yanaşı, ölkəmizin turizm sahəsinin təqdim etdiyi imkanlarla, yaradılan infrastruktur, dəbdəbəli mehmanxana və möhtəşəm məkanlarla tanış olub.
İşgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Büronun budəfəki qonağı Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (İCCA) icraçı direktoru Mark Sirk olub.
Dünyanın turizm və görüşlər sahəsində fəaliyyət göstərən ən nüfuzlu təşkilatlarından olan İCCA, 1000-dən çox beynəlxalq Görüşlər Sənayesi bazarı təmsilçilərini bir araya gətirir. Xatırladaq ki, 2014-cü ildə Azərbaycan ilk dəfə olaraq dünya görüş məkanları və bölgədə ən yaxşı göstəricilər üzrə beynəlxalq assosiasiya görüşləri reytinqinə daxil edilib.
Büro 2016-cı ilin ilk İşçi Qrupu İclasını 2 fevral 2016-cı il tarixində Bakıda təşkil edib. Tədbirin əsas məqsədi məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər və dünya mehmanxana brendləri arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə onların qarşılıqlı əlaqələrinin ahəngləşdirilməsi olub.
İclas iştirakçıları, həmçinin, mehmanxanalar və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər arasında qiymət siyasəti, müqavilə məsələləri, beynəlxalq sərgilərdə iştirak, biznesin inkişafı üzrə yeni və daha səmərəli yollar və s. kimi məsələləri müzakirə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB