MTN QDİƏT-ə üzv dövlətlərin nazirlərinin konfransında

MTN QDİƏT-ə üzv dövlətlərin nazirlərinin konfransında

Rusiya Federasiyasının Soçi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin mədəniyyət və turizm nazirlərinin konfransı öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, sözügedən tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyini Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Konfransda QDİƏT-ə üzv dövlətlərin, eləcə də Ümumdünya Turizm Təşkilatı və QDİƏT-in Daimi Beynəlxalq Katibliyinin yüksək vəzifəli nümayəndələri iştirak edib.

Görüş çərçivəsində, QDİƏT regionunda turizm sahəsi üzrə əməkdaşlığın əhəmiyyəti, gələcək perspektivlər, regional turizm məhsulunun yaradılması istiqamətində görülməli olan işlər və bir sıra digər mühüm məsələlərə dair geniş müzakirələr aparılıb. Bununla yanaşı, üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri öz ölkələrində turizm sənayesinin mövcud inkişaf tempi, görülmüş işlər və gələcək planlar haqqında müvafiq təqdimatlarla çıxış edib.

Mədəniyyət və Turizm Nazirliyi adından geniş təqdimatla çıxış edən Aydın İsmiyev Azərbaycanda turizm sahəsinin inkişafı naminə dövlət tərəfindən həyata keçirilən kompleks islahatlar və bu islahatlara əsaslanan müsbət göstəricilərə dair ətraflı məlumat verib. Bununla yanaşı, təqdimat çərçivəsində A.İsmiyev ölkəmizdə turizm sənayesinin qanunvericilik bazasının təkmilləşdirilməsi, elektron-viza sistemi və viza prosedurlarının sadələşdirilməsi, nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, sağlamlıq, dağ-xizək, işgüzar və digər növ turizm növləri üzrə mövcud turizm məhsullarının çeşidləndirilməsi, eləcə də ölkəmizin turizm potensialının xarici ölkələrdə yüksək səviyyədə təbliğ etdirilməsi istiqamətində görülən işlər haqqında danışıb. Çıxış tədbir iştirakçıları tərəfindən yüksək maraqla qarşılanmış və müzakirələr şəklində davam edib.

Səfər çərçivəsində Turizm şöbəsinin müdiri Aydın İsmiyev Rusiya Federasiyası nümayəndə heyətinin rəhbəri, Rusiya Federal Turizm Agentliyinin (Rosturizm) sədr müavini, Sergey Korneyev ilə ikitərəfli görüş keçirmişdir. Görüş çərçivəsində Azərbaycan və Rusiya arasında turizm sahəsi üzrə əməkdaşlığın əhəmiyyəti vurğulanmış və gələcək perspektivlər müzakirə edilib. Eləcə də, Rusiyadan ölkəmizə gələn xarici turistlərin sayının artırılması, eləcə də mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində danışıqlar baş tutub.

Bununla yanaşı, A.İsmiyev Ümumdünya Turizm Təşkilatının icraçı direktoru Zoltan Somogi ilə görüş keçirmiş, görüş zamanı BMÜTT ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində müvafiq müzakirələr edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə