Mədəniyyət və Turizm Nazirliyinin maliyyələşdirdiyi "Qədim xalq oyun tamaşalarının bərpası və müasir el mərasimlərində yenidən canlandırılması" layihəsi çərçivəsində "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi silsilə tədbirləri davam etdirir. Birliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, layihə çərçivəsində növbəti tədbir Yevlax şəhərində yerləşən 30 nömrəli Kəlbəcər tam orta məktəbində baş tutub. Mərasimdə təhsil və mədəniyyət işçiləri, media nümayəndələri, məktəblilər iştirak edib.
Məktəbin direktoru Zahid Kazımov müasirləşən dünyamızda qədim və tarixi dəyərlərimizin unudulmaması istiqamətində aparılan işləri yüksək qiymətləndirib.
Folklorşünas Saday Musayev milli mənəvi dəyərlərin, o cümlədən xalq oyunları ənənələrinin qorunub saxlanmasını iftixar hissi ilə vurğulayıb. Qeyd olunub ki, xalq oyunları insanların həyatının müxtəlif cəhətlərini, eləcə də müxtəlif mərasimləri əks etdirən qədim folklor janrından biridir. Natiqin sözlərinə görə, folklorumuzun qiymətsiz nümunələri olan "Maraloyunu", "Kilimarası", məişət problemlərimizdən bəhs edən və böyük tərbiyəvi xarakter daşıyan oyun tamaşalar bu gün məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb.
"Qurtuluş" Televiziyasının Regional direktoru İnqilab Şirinov bildirib ki, xalq oyunlarının mayasında yüksək əhval-ruhiyyə, fiziki hərəkət, ruhi saflıq, zehni güc və sağlamlıq dayanır. Dildən-dilə, eldən-elə keçən "Çövkən", "Cilingağac", "Topaldıqaç", "Motal-motal", "Əl üstə kimin əli", "Bənövşə", "Gizlən-qaç", "Gözbağlıca", "Fincan-fincan", "Papaqatdı" və digər xalq oyunları uşaq və gənclər tərəfindən bu gün də həvəslə oynanılır. Təəssüf ki, bu xalq oyunlarının bəziləri artıq unudulur, uşaq və gənclər belə oyunlara çox az maraq göstərirlər. Məhz bu nöqteyi-nəzərdən "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin həyata keçirdiyi bu qəbildən olan layihələr təqdirəlayiq sayılır və hər kəsə örnək olmalıdır.
Sonda hər kəsin maraqla gözlədiyi "Maraloyunu" nümayiş olunub. Kəlbəcərli aşıqların ifasındakı milli musiqinin sədaları altında göstərilən bu xalq oyunu özünəməxsus çalarları ilə diqqət çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB