Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Ramiz Fətəliyevin 70 illik yubiley gecəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, sənətkarın dostları iştirak edib.
Öncə sənətkarın keçdiyi həyat yolunu əks etdirən sənədli film nümayiş olunub.
Tədbirin açılışını edən xalq yazıçısı, publisist Çingiz Abdullayev Ramiz Fətəliyevlə sıx dostluq əlaqələrindən danışıb: "Ramiz Fətəliyev haqqında kifayət qədər yaxşı söz demək mümkündür. O, möhtəşəm ssenarist, yazıçı, rejissordur. Ən əsası, dəyərli insandır. Görkəmli şəxsiyyətlə tanışlığım uzun illərə dayanır. Bu baxımdan, onun haqqında saatlarla danışa bilərəm. Ramiz Fətəliyev hər insana nəsib olmayan, Allah tərəfindən verilmiş istedada malikdir. İstedad isə sanki insanların verməli olduğu sınaqdır. Hər insan bu sınaqdan hər insan uğurla çıxmağa, qarşılığını verməyə müvəffəq olmur. Ramiz Fətəliyev istedadının haqqını verən sənət xadimlərindəndir. Belə görkəmli şəxsiyyəti tanıdığıma görə çox xoşbəxtəm".
Çıxış edən Ramiz Fətəliyev haqqında lentə alınan sənədli filmin yaradıcı kollektivinə, həmçinin, yubiley gecəsini təşkil edən Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.
Sənətkarın Azərbaycan mədəniyyətində xidmətlərini xüsusilə vurğulayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görkəmli şəxsiyyəti yaxından tanıdığına görə, məmnunluğunu ifadə edib: "Ramiz Fətəliyev təkcə yaradıcı şəxsiyyət deyil, həm də ölkənin siyasi həyatında önəmli yer tutan ictimai-xadimlərdən biridir. Belə hərtərəfli şəxsiyyətin Azərbaycan tarixində xidməti danılmazdır".
Sonda Ramiz Fətəliyevin senarisi əsasında çəkilən filmlərdən fraqmentlər nümayiş olunub.
Qeyd edək ki, Ramiz Fətəliyev 7 iyun 1946-cı ildə Bakıda anadan olub. 1972-ci ildə Moskvada Ali rejissorluq və ssenaristlər kursunu bitirib. Respublika qəzetlərində və jurnallarında əsərləri çap olunub. 1974-1975-ci illərdə "Azərbaycanfilm" kinostudiyasının ssenari-redaksiya kollegiyasının üzvü olub və həmin dövrdən yaradıcılıq bioqrafiyası Azərbaycan kinematoqrafiyası ilə bağlıdır. 1985-1986-cı illərdə isə o, kinostudiyada baş redaktor vəzifəsində çalışıb. 1987-1991-ci illərdə siyasi və detektiv romanların Sovet Assosiasiyasının vitse-prezidenti, 1990-1995-ci illərdə əvvəlcə Azərbaycan Ali Sovetinin deputatı, sonra Milli Məclisin üzvü olub. Ramiz Fətəliyevin ssenariləri üzrə "Azərbaycanfilm"də "Rəqiblər" (kinonovella), T.Bəkirzadə ilə birgə "Ömrün ilk saatı", "Dənizə çıxmaq qorxuludur" (V.Qonçarova, Ə.Əbluçla birgə), "Birisi gün, gecəyarısı" (M.Avdiyev, A.Donetslə birgə), "Sizi dünyalar qədər sevirdim", "Burulğan" (E.Quliyevlə birgə), "Xüsusi vəziyyət", "Akarsızlıq şəraitində", "Yaramaz" (V.Mustafayevlə birgə), SSRİ-nin müxtəlif kinostudiyalarında 20-dən artıq, o cümlədən, "Öz səadəti", "Köhnə məktublar", "Qraçlar", "Mənasız həyat" (Ukrayna), "Altıncı", "Hər cür rsqsiz", "Həyatın mənası" (Özbəkistan) bədii filmləri çəkilmişdir. Ramiz Fətəliyev 2002-ci ildən etibarən, həm də rejissor kimi fəaliyyət göstərib. O , "Bir anın həqiqəti" (12 seriyalı), "Məhəllə", "Qraf Krestovski" və digər bədii televiziya filmlərinə quruluş verib. Sənətkar 1986-1995-ci illərdə kinostudiyanın direktoru olub.
Ramiz Fətəliyev mədəniyyətimiz qarşısındakı xidmətlərinə görə, 1986-cı ildə dövlət mükafatına, 1998-ci ildə əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Görkəmli ictimai xadim 2011-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB