“Xeyirlə Şərin rəqsi” bədii filminin təqdimatı keçirilib

“Xeyirlə Şərin rəqsi” bədii filminin təqdimatı keçirilib

Nizami Kino Mərkəzində "Xeyirlə Şərin rəqsi" bədii filminin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə ictimai-siyasi xadimlər, mədəniyyət və KİV nümayəndələri iştirak edib.

Film görkəmli detektiv yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin "Quba kapriççiosu" romanı əsasında lentə alınıb.

Ekran əsərinin ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayev, quruluşçu rejissoru Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarları Siyavuş Kərimi və Emin Kərimi, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

Çəkilişləri Qubada və Bakıda aparılan ekran işində Dronqo obrazını əməkdar artist İlqar Muradov, digər rolları xalq artistləri Məbud Məhərrəmov və Şükufə Yusupova, əməkdar artistlər Qurban İsmayılov, Ayşad Məmmədov, Şövqi Hüseynov, aktyorlar Əjdər Zeynalov, Rasim Cəfərov, Münəvvər Əliyeva və digərləri canlandırır.

Qeyd edək ki, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə