"Xan Şuşinski adına muğam festivalı"nın yekun konserti keçirilib FOTOLAR - SƏS TV
Beynəlxalq Muğam Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-metodiki Mərkəzin təşkilatçılığı ilə görkəmli muğam ifaçısı Xan Şuşinskinin anadan olmasının 115 illiyinə həsr olunmuş "Xan Şuşinski adına III Respublika muğam festivalı"nın yekun konserti keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə hökumət rəsmiləri, əməkdar incəsənət xadimləri, mədəniyyət və kütləvi informasiya vasitələri nümayəndələri iştirak edib.
Öncə Xan Şuşinskinin həyat və yaradıcılığından bəhs edən video-çarx nümayiş olunub.
Tədbirin açılışını edən Mədəniyyətşünaslıq üzrə Elmi-metodiki Mərkəzin rəhbəri Asif Usubəliyev bildirib ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunmasında muğam sənətinin əvəzsiz rolu var: "Azərbaycan mədəniyyəti və incəsənəti zəngin tarixə malikdir. Bu gün istənilən ölkəyə səfər etdikdə milli musiqimiz-muğamımız haqqında müsbət fikirlər eşitdikdə qürur duyuram.
Təbii ki, muğam sənətinin bu zirvəyə yüksəlməsində Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın xidmətləri danılmazdır. O, muğama qayğı ilə yanaşmasaydı, sahib çıxmasaydı bəlkə də milli sərvətimiz çoxdan düşmənlərimiz tərəfindən mənimsənilmişdir.
Muğam bizim varlığımız, zənginliyimizdir. Onu qorumaq, beynəlxalq səviyyədə tanıtmaq hər birimizin borcudur".
Çıxış edən Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva Xan Şuşinskinin tarixdə bənzərinə nadir rast gəlinən səsə sahib olduğunu qeyd edib: "Xan Şuşinskinin adı çəkiləndə Qarabağ yada düşür. O, Qarabağa, Vətəninə bağlı insan idi. Xan Şuşinski özündən sonra böyük məktəb qoyan sənətkar olub. Görkəmli xanəndə hər zaman muğamı inkişaf etdirməyə çalışıb. Asəf Zeynallı, Bülbül kimi görkəmli sənətkarlarla birgə fəaliyyət göstərdiyi zamanlarda muğama yeni üslub xüsusiyyətləri qazandırıb.
O, ilk qadın sənətçilərlə birgə səhnəni bölüşən xanəndələrdən olub. Xanəndənin möcüzə deyiləcək qədər güclü səsi dinləyən hər kəsi sehrinə qərq edirdi.
Xan Şuşinski Azərbaycanda ilk sənətkar idi ki, birbaşa "Xalq Artisti" fəxri adına layiq görülüb.
Ölməz sənətkar Azərbaycan incəsənətinə verdiyi töhfələrə görə 1943-cü ildə "Şərəf" ordeni ilə təltif olunub".
Xalq artisti Canəli Əkbərov çıxış edərək, muğamın yeni bədii çalarlara yiyələnməsində Xan Şuşinskinin rolundan danışıb: "Azərbaycan xanəndəlik sənəti Xan Şuşinskinin muğama gətirdiyi yeni üslub xüsusiyyətləri ilə inkişaf edərək, bu günümüzə gəlib çatıb. Mən fəxr edirəm ki, belə görkəmli sənətkarın, fərqli muğam ifası ilə seçilən xanəndənin yaradıcılığından bəhrələnmişəm və Xan Şuşinskinin təlqin etdiyi bədii incəliklərdən özümə pay götürmüşəm. Biz xanəndələr Xan Şuşinskinin musiqi irsini qoruyub, gələcək nəsillərə ötürməyə borcluyuq".
Azərbaycan Milli Konservatoriyasının professoru Abbasqulu Nəcəfzadə xanəndənin muğam sənətindəki yerindən danışıb: "Xan Şuşinskinin xanəndəlik üslubu zəngin tarixə və dərin köklərə malikdir. Onun səyləri nəticəsində muğam sənəti inkişaf edərək, yeni mərhələyə qədəm qoyub.
Ümumiyyətlə, muğam Azərbaycan xalqının həyat tərzinin göstəricisidir. Ölkə başçısı İlham Əliyevin və xanımı Mehriban Əliyevanın incəsənətə olan diqqət və qayğısı nəticəsində muğam sənətimiz 2008-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu, dövlətin mədəniyyətə olan diqqətinin göstəricisidir".
Tədbirdə çıxış edən festivalın bədii-hissə rəhbəri Natiq Mustafayev müsabiqənin keçirilməsi məqsədi haqqında məlumat verib: "Festival 2012-ci ildən etibarən keçirilməyə başlayıb. Bu, sayca üçüncü festivaldır.
Müsabiqənin keçirilməsində məqsəd ustad sənətkar Xan Şuşinskinin xatirəsini əbədiləşdirmək, onun muğam ifaçılığı üslubunu təbliğ etməkdən, eləcə də respublikada muğam təhsilinin inkişafı, istedadlı musiqiçilərin aşkar olunmasından ibarətdir. Ümid edirik ki, belə festivallar davamlı hal alacaq və bacarıqlı gənclərin tanıdılmasına xidmət edəcək".
Daha sonra "Xan Şuşinski adına III Respublika muğam festivalı"nın qalibləri və onları müşaiyət edən musiqiçilər Diplom və Qran-Pri ilə təltif olunub.
Həmçinin, festival iştirakçılarının çıxışlarını qiymətləndirən münsiflər heyətinin üzvləri-xalq artistləri Gülyaz Məmmədova, Zabit Nəbizadə və əməkdar artist Firuz Səxavət Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən mükafat layiq görülüblər.
Tədbir bədii hissə ilə davam edib.
Fotolar: Cəlil Rəcəbli
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB