ATMU-da otelçilik sahəsinin fəaliyyəti müzakirə olunub

ATMU-da otelçilik sahəsinin fəaliyyəti müzakirə olunub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) "Mehmanxana və restoran biznesi" kafedrasının əməkdaşları və müvafiq müəssisə rəhbərlərinin iştirakı ilə otelçilik ixtisası üzrə sillabusların müzakirəsi keçirilib. Universitetin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ATMU-nun rektoru professor Cəfər Cəfərov fənn proqramının təhlil və müzakirəsini faydalı təşəbbüs kimi qiymətləndirib və davamlı olacağına əminlik ifadə edib.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən otellərin rəhbərləri və nümayəndələri, həmçinin ATMU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanov, "Turizm və qonaqpərvərlik" fakültəsinin dekanı Rəhman Səfərov, "Turizm və qonaqpərvərlik" fakültəsinin dekan müavini Flora Ələsgərova, "Mehmanxana və restoran biznesi" kafedrasının müdiri Novruz Quliyev və başqaları iştirak ediblər.

ATMU-da otelçilik üzrə fənn proqramının professor-müəllim, müəssisə rəhbərlərinin iştirakı ilə təhlili və müzakirəsinin təşkilində əsas məqsəd müasir tələblərə cavab verən yeni, o cümlədən, daha mükəmməl sillabuslar işləyib hazırlamaqdan ibarətdir. Alim və mütəxəssislər qarşıya qoyulan tələbi yerinə yetirməkdən ötrü müqayisəli şəkildə həm xarici ölkələrin, həm də Azərbaycanın müvafiq univesitetlərində adı qeyd edilən ixtisas üzrə mövcud fənn proqramının hərtərəfli təhlilini aparıblar.

Qeyd edək ki, tədbirdə irəli sürülən fikir və əlavələr nəzərə alınmaqla yeni sillabusların hazırlanması və 2016-2017-ci tədris ilindən tətbiq olunması qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə