Nazir müavini alman kinorejissoru ilə görüşüb FOTOLAR

Nazir müavini alman kinorejissoru ilə görüşüb FOTOLAR

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva alman kinorejissoru Fridhelm Brüknerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, görüşdə Azərbaycanda mövcud olan alman irsi haqqında filmin lentə alınması ilə bağlı layihə müzakirə olunub, nümayəndə heyətinin filmin çəkilişləri ilə əlaqədar olaraq, Bakı, Gəncə şəhərlərinə və Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Tovuz, Samux rayonlarına olan səfərlərinin nəticələri haqqında fikir mübadiləsi aparılıb.

Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda və digər Qafqaz ölkələrində yaşamış almanların irsinin dünyaya çatdırılmasıdır. Bu məqsədlə alman irsini işıqlandırmaqla yanaşı, ölkəmizdə mövcud olan multikultural mühit və tolerantlıq haqqında dünya ictimaiyyətinin məlumatlandırılması üçün ölkəmizə səfər təşkil olunub.

Görüşdə nazir müavini Sevda Məmmədəliyeva almanların ölkəmizdə məskunlaşmasının tarixi, onların həyat tərzi, müxtəlif sahələrdə gördükləri işlər haqqında məlumat verib.

Həmçinin, nazir müavini almanların ölkəmizdə yaratdıqları memarlıq nümunələrindən və gördükləri uğurlu işlərindən bəhs edib. O bildirib ki, Azərbaycanda alman irsininin qorunması, təbliği üzrə işlər aparılır, müxtəlif konfranslar, tədbirlər təşkil olunur.

Sevda Məmmədəliyeva bu istiqamətdə görülən işlərdən biri kimi Göygöldə yerləşən alman icmasının tarixi muzeyini xüsusilə qeyd edib və bu kimi mədəniyyət obyektlərinin iki xalq arasında möhkəm dostluq nümunəsi olduğunu vurğulayıb.

Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva Maria Aux səfərin təşkilindən böyük məmnunluq duyduğunu ifadə edib və ilin sonuna qədər çəkilməsi planlaşdırılan filmin həm Azərbaycan, həm də Alman cəmiyyəti üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Səfərdə iştirak edən səfir və dilomatlar üçün keçirilən proqram direktoru Ortvin Hennig isə qeyd edib ki, Azərbaycan xalqı qonaqpərvərlik və səmimiyyəti ilə onda geniş təəssüratlar yaradıb.

Alman kinorejissoru Fridhelm Brükner layihənin həyata keçirilməsi Azərbaycanın həm Almaniyada, həm də Avropada tanınmasına böyük təsir göstərəcəyini bildirib. Kinorejissor qeyd edib ki, filmin Almaniyanın bir neçə televiziya kanallarında yayımı nəzərdə tutulur.

Qeyd edək ki, layihə 2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyinin qeyd olunması ilə münasibəti ilə həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə