Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Xalq Yazıçısı Elçinin pyesi əsasında hazırlanmış "Sənətkarın taleyi" ("Sudba artista") tamaşasının premyerası keçirilib. SİA-nın verdiyi xəbərə görə, premyeradan əvvəl xalq yazıçısı Elçin jurnalistlərə müsahibə verib. Pyesin səhnə həyatı barədə danışan yazıçı bildirib ki, 2013-cü ildə bu əsər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Sənətkarın taleyi" adı ilə tamaşaya qoyulub. Tamaşaya Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının rejissoru, xalq artisti İrana Tağızadə quruluş verib: "Dövlət Rus Dram Teatrının Azərbaycan dramaturgiyasının təbliğində çox böyük ənənələri, istedadlı, böyük potensial imkanları olan kollektivi var. Mənim üçün də çox xoşdur ki, bu gün bu tamaşa burada oynanılır. Tamaşa hazırlanarkən məşq proseslərində iştirak etməyə vaxtının olmadığını deyən müəllif səhnə əsərinin tamaşaçıların xoşuna gələcəyinə ümidvaram. Söhbət sənətkar və zamandan, sənətkar və cəmiyyətdən, sənətkar və xalqdan gedir. Sadə həyat keçirən, pulsuz, kasıb artistlərin sənətə bağlılığı, bütün təhqirlərə, çətinliklərə, sıxıntılara dözmələri – bütün bunların hamısı sənətin, səhnənin naminə olub. Bu baxımdan Hüseyn Ərəblinski Azərbaycan teatrı tarixində, ümumiyyətlə, Azərbaycan mədəniyyəti tarixində böyük xidmətləri olan bir şəxsiyyət və sənətkardır. O, pyesdə məhz bu cür sənətkarların ümumiləşdirilmiş obrazıdır".
Tamaşanın premyerasında rəsmi şəxslər, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, teatrsevərlər iştirak ediblər.
İkihissəli tamaşa təsirli səhnələrlə yadda qalır. Bu əsərdə Hüseyn Ərəblinski dövrünün atmosferi - o zamanlar neft bumu yaşayan Bakı həyatı da, çarizmin Bakıya münasibəti də ustalıqla təsvir edilib. Ən əsası isə fədakar sənətkar və zaman problemi çox yüksək bədii-estetik həllini tapıb.
Tamaşada Hüseyn Ərəblinski obrazını əməkdar artist Firdovsi Atakişiyev canlandırıb. Səhnə tərtibatını Mustafa Mustafayev, musiqi tərtibatını əməkdar mədəniyyət işçisi Vladimir Neverov verib. Geyim üzrə rəssam əməkdar mədəniyyət işçisi Olqa Abbasova, işıq üzrə rəssam isə Nikolay Rudıçevdir.
Tamaşada digər rolları xalq artisti Yuri Baliyev, əməkdar artistlər Ayan Mir-Qasımova, Əsgər Rəhimov, Elmira Aslanova və başqaları canlandırıblar.
Sonda xalq yazıçısı Elçin uğurlu tamaşa münasibətilə aktyorları təbrik edib və hər birinə təşəkkürünü bildirib.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB