L. və M.Rostropoviçlərin ev muzeyində Azərbaycanın xalq artisti, Bəstəkarlar İttifaqının (ABİ) sədri, professor Firəngiz Əlizadəyə həsr olunmuş tədbir keçirilib. ABİ-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbiri muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Şeyla Heydərova açaraq, Firəngiz xanımın azərbaycan musiqisinin inkişafındakı böyük töhvələrindən, ölkəmizi bütün dünyada tanıdan yaradıcılığından danışıb.
O, qeyd edib ki, F.Əlizadənin Azərbaycan musiqisinin inkişafında xidmətləri danılmazdır: "O, bir çox nüfuzlu mükafatların və fəxri adların laureatıdır. Bəstəkarın yaradıcılığında xüsusi yer tutan violonçel əsərləri – "Habil – Sayağı", "Aşk Havası", "Oyan!", "Yanar dağ" diqqətəlayiqdir. F.Əlizadənin əsərlərində Şərqlə Qərbin sintezi hiss olunur. Ona görə də onun əsrlərini bütün dünyada başa düşür və sevirlər. Bəstəkarın bütün dünyada ifa olunan violonçel üçün orkestrlə konserti – "Mərsiyə" əsəri dövlət mükafatına namizəddir".
Ş.Heydərova çıxışında həmçinin, F.Əlizadə və M.Rostropoviçin dostluq və yaradıcılıq əlaqələri, onun Maestro Niyaziyə həsr etdiyi "Oyan!" əsəri haqqında məlumat verib.
Daha sonra tamaşaçılara F.Əlizadənin həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş olunub.
Tədbirdə həmçinin professor, əməkdar incəsənət xadimi Həcər Babayeva, musiqişünas və jurnalist Raya Abbasova, əməkdar incəsənət xadimi, violonçelist Kamal Paşazadə çıxış ediblər. Onlar bəstəkarın öz ölkəsinin bütün dünyada təbliği sahəsindəki töhvəsindən və böyük sənətindən danışıblar.
Qeyd edək ki, mərasimdə səfirliklərin, rus icmasının nümayəndələri, muzey və musiqi məktəblərinin direktor və pedaqoji heyəti və başqaları iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB