İtaliyanın Trani şəhərində Azərbaycanın xalq yazıçısı Elçinin "Şekspir" pyesinin italyan dilində Avropa premyerası keçirilib. SİA-nın verdiyi xəbərə görə, əsər şəhərin ən baxımlı məkanlarından sayılan "Kastello svevo di Trani" qalasında keçirilən Şekspir qalada" festivalı çərçivəsində təqdim edilib.
Xalq yazıçısı Elçinin "Şekspir" pyesi "Lart del teatro" tərəfindən səhnələşdirilib. Pyesin ilk Avropa təqdimatında festivalın rəhbəri, tanınmış rejissor Cianpiero Borcia çıxış edib. Bildirib ki, Azərbaycanın görkəmli yazıçı-dramaturqu Elçinin bu pyesini yüksək qiymətləndirdikləri üçün həmin əsərə müraciət ediblər. "Şekspir" pyesi əsasında hazırlanan bu tamaşa öz orijinallığı ilə seçilir.
Səhnə əsəri ilə bağlı fikirlərini bölüşən Cianpiero Borcia deyib: "Azərbaycan zəngin mədəni irsi olan bir ölkədir. Premyeranın məhz bu möhtəşəm qalada keçirilməsi bir qədim ölkədən digər ölkəyə aparan yollar, pəncərə kimi xarakterizə olunmalıdır. Elçinin bu pyesini çox sevirəm. Onun çox yaxşı metafor duyumu var. Elçin əsərlərini zəngin poetik hissləri ilə qələmə alır".
Fərqli quruluşda, ənənəvi səhnə-zal formatından kənar, interaktiv formatda, tamaşaçı ilə birbaşa təmasda nümayiş etdirilən bu pyesə böyük maraq göstərilib. Quruluşçu rejissoru Patrizia di Fulvio olan tamaşada Cuido Silveri, Cianluca Kastellano, Françesko Persiko, Valentina Caiano və başqa tanınmış aktyorlar rol alıblar. Tamaşanın özünəməxsusluğu bir də onda idi ki, burada Traninin simvolu sayılan bu qədim qalanın bütün məkanlarından istifadə olunub. Pyesdə cərəyan edən hər bir hadisə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Yazıçı-dramaturqun qızı Günay Əfəndiyeva səhnə əsəri ilə bağlı fikirlərini bölüşərək bildirib ki, Marqerita Kristiananın tərcümə etdiyi "Şekspir" pyesinin İtaliyada nümayişi Azərbaycanın zəngin ədəbi irsinin dünyada tanıdılması istiqamətində atılan mühüm addımlardan biri sayılmalıdır. Bu, eyni zamanda, İtaliya mədəniyyət aləmində mühüm hadisələrdən biri oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB