AMEA-nın prezidenti Akif Əlizadə ilə görüş keçirilib FOTOLAR

AMEA-nın prezidenti Akif Əlizadə ilə görüş keçirilib FOTOLAR

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) "Müasirlərlə dialoq" layihəsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə ilə "Ölkəmizin intellektual potensialının inkişafında Heydər Əliyevin rolu" mövzusunda görüş keçirilib. ABİ-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirin açılışını edən ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə akademik Akif Əlizadənin elmi fəaliyyətindən söz açaraq, ölkəmizdə geologiya elminin inkişafında görkəmli alimin xidmətlərini yüksək dəyərləndirib və rəhbərlik etdiyi qurumun AMEA ilə uzun illərin ənənələrinə söykənən əməkdaşlığından bəhs edib.

Elmlə mədəniyyətin qarşılıqlı əlaqəsindən söz açan professor AMEA-da muğamşünaslıq bölməsinin yaradılmasının hər iki qurum arasında əməkdaşlığın inkişafına böyük töhfə verəcəyinə əminliyini bildirib. O, həmçinin, müxtəlif sahələrdə çalışan alimlərimizin elmi fəaliyyətlərinin öyrənilməsində bu cür görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Çıxış edən akademik A.Əlizadə AMEA-nın, Azərbaycan elminin, mədəniyyətinin və incəsənətinin inkişafında və dünyada təbliğ olunmasında Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən söz açıb və bildirib ki, ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə Ulu Öndər bu sahələrin hərtərəfli inkişafına xüsusi diqqət və qayğı ilə yanaşıb, Azərbaycan elminin dünya elminə inteqrasiyasına böyük önəm verib. AMEA-nın bugünkü fəaliyyətində müdrik siyasətçi Heydər Əliyevin böyük xidmətlərindən danışan akademik A.Əlizadə qeyd edib ki, Ümummilli Liderin ikinci dəfə hakimiyyətə gəlişindən sonra akademiyanın bağlanmaq təhlükəsi aradan qalxıb və elmimizin yeni inkişaf mərhələsi başlanıb: "AMEA-nın inkişafının böyük bir mərhələsi Ulu Öndərin adı ilə bağlıdır. Dahi rəhbər Heydər Əliyevin Azərbaycan elminin işıqlı gələcəyinə yönəlmiş ideyaları, amalları bu gün akademiyada müxtəlif sahələrdə uğurla davam etdirilir. Görkəmli dövlət xadimi hər zaman ölkəmizin intellektual potensialının inkişafına, azərbaycanlı gənclərin xaricdə təhsil almasına böyük önəm verib. Müdrik rəhbər Heydər Əliyevin uzaqgörən siyasəti və təşəbbüsü ilə çoxlu azərbaycanlı gənc keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərilib. Hazırda bu kadrların əksəriyyəti ölkəmizin müxtəlif dövlət qurumlarında fəaliyyətlərini uğurla davam etdirirlər. Ulu Öndər ölkəmizdə daim elmin, mədəniyyətin, incəsənətin inkişafına böyük diqqət və qayğı göstərib. Mədəniyyət və incəsənət nümayəndələri mütəmadi olaraq fəxri adlara, yüksək mükafatlara layiq görülüblər".

Akademik A.Əlizadə daha sonra xalq artisti Firəngiz Əlizadənin yaradığılığına da toxunaraq ölkəmizdə və xaricdə Azərbaycan musiqisinin uğurla təmsil olunmasında onun xidmətlərini yüksək dəyərləndirib, bu qurum ilə akademiyanın səmərəli əməkdaşlığını xüsusi qeyd edib. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli son illər akademik Akif Əlizadənin rəhbərliyi ilə akademiyada müxtəlif sahələrdə aparılan islahatlardan, bu qurumun dünyanın aparıcı elmi müəssisələri ilə beynəlxalq əlaqələrindən söz açıb, Azərbaycan elminin dünyaya inteqrasiyası barədə məlumat verib İ.Həbibbəyli ABİ-də təşkil olunan, akademiyanın tarixində, onun prezidentləri sırasında ilk dəfə akademik Akif Əlizadə ilə keçirilən bu görüşün əhəmiyyətini xüsusi qeyd edib. AMEA-nın və ölkəmizdə geologiya elminin inkişafında görkəmli alimin xidmətlərini yüksək qiymətləndirib.

Görüş müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə