“Brodvey”li qonaqlar Bakı və Musiqili Teatr haqqında FOTOLAR

“Brodvey”li qonaqlar Bakı və Musiqili Teatr haqqında FOTOLAR

Azərbaycan Dövlət Musiqili Teatrı Amerika Mədəniyyət Günləri çərçivəsində Amerika Birləşmiş Ştatlarının (ABŞ) məşhur "Company-E" şirkəti ilə ortaq layihə kimi "Brodvey" proqramının Azərbaycan versiyasının təqdimatına hazırlaşır. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq.

Hal-hazırda "Company-E" şirkətinin əməkdaşları ilə Dövlət Musiqili Teatrı kollektivinin-xor, balet truppasının, orkestr və aktyor heyətinin birgə məşqləri uğurla davam edir. Paytaxtımızın qonağı olan "Company-E" komandasının üzvləri-Pol Qordon Emerson (prodüser), Amikaelya Qaston (prodüser, aparıcı ifaçı və vokalist, xor və vokal üzrə direktor), Qavin Stevart (rəqqas, ifaçı və dirijor, məşğələlər üzrə direktor), Vanessa Oven (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Abi Lishart (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Tami Hol (musiqi qrupu rəhbəri və dirijor), Robert Priori (xoreoqraf, rəqqas, müəllim), Kyoko Ruş (rəqqas) və Diana Amalfitano (rəqqas) şəhəri gəzərək təəssüratlarını paylaşıblar.

Pol Qordon Emerson: "Azərbaycan möcüzələr ölkəsidir. Biz vaxt tapdıqca paytaxt Bakının gəzməli-görməli yerlərinə baş çəkirik. Bakı əsl meqapolisdir. Xüsusilə şəhərin gecə görüntüsü ecazkardır. Mən son vaxtlar dünyanın heç bir yerində bu qədər təəccüblənməmişdim.

Musiqili Teatr isə Bakının mərkəzində reallaşdırılmış fantastikadır. Biz teatrın binası ilə tanış olarkən müəssisənin direktoru Əliqismət Lalayev məlumat verdi ki, bina ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təmir olunduqdan sonra bu cür möhtəşəm olub. Musiqili Teatrın binasına, burada yaradılmış şəraitə, yaradıcı mühitə sadəcə heyran oldum. Hətta Əliqismət Lalayevə qalıb burada işləmək istədiyimi bildirdim. O isə mənə "Layihəni təhvil verin, sonra bu haqda danışarıq", - deyə gülüb cavab verdi".

Amikaelya Qaston: "Bakının dünyada bənzəri yoxdur. Burada olmağımdan çox məmnunam. Şəhərin unikal cəhətlərindən biri də Musiqili Teatr kimi möhtəşəm bir sənət məbədinə sahib olmasıdır. Bizim kollektiv mədəni layihələrlə dünyanın bir çox ölkələrində çıxış edib. Məhz Musiqili Teatrın səhnəsi bu günə qədər çıxış etdiyim ən müasir, ən möhtəşəm səhnədir".

Qavin Stevart: "Azərbaycan xalqının ən böyük özəlliklərindən biri onun qonaqpərvərliyidir. İnsanların mehribanlığı, istiqanlılığı adamı sadəcə məftun edir. Bakı isə başqa bir aləmdir. Dünyada Bakı kimi şəhərlər çox azdır. Burada tarixlə müasirlik vəhdətdədir. Qədim və müasir binalar sanki bir-birinin davamıdır. Musiqili Teatr kimi məkanda işləmək insana xüsusi zövq verir. Teatrın kollektivi isə öz professionallığı ilə heyrət doğurur. Dünyanın bir çox ölkələrində olmuşam, bir çox kollektivlərlə işləmişəm. Sizin Musiqili Teatrın yaradıcı heyəti iş prosesində özümü rahat, arxayın hiss etdiyim azsaylı kollektivlərdəndir".

Qeyd edək ki, ABŞ-ın "Company-E" musiqi şirkəti 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış edir. "Company-E"-nin Dövlət Musiqili Teatrının kollektivi ilə birgə hazıladığı "Brodvey" layihəsi 14 may saat 19.00-da, 15 may saat 16.00-da geniş tamaşaçı kütləsinə təqdim olunacaq. Giriş sərbəstdir.

Bütün xəbərlər Facebook səhifəmizdə