Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə gənc kamança ifaçılarının Habil Əliyev adına I respublika müsabiqəsi keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, müsabiqənin əsas məqsədi milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, məşhur kamança ifaçısı Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsi, həmçinin, kamança ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması və onların dəstəklənməsidir.
Müsabiqə 2 turdan ibarət olmaqla 3 yaş qrupunu əhatə edib. Respublikamızda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərindən, musiqi və humanitar kolleclərdən, Bülbül adına orta ixtisas musiqi məktəbindən 150-ə yaxın şagird və tələbə müsabiqədə iştirak edib.
Müsabiqənin I turu Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində və Goranboy, Ağcabədi rayonlarında keçirilib. I turda müvəffəqiyyətlə iştirak edən 53 şagird və tələbə II tura keçib, müsabiqənin II turu Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbində baş tutub.
Müsabiqə iştirakçılarının çıxışlarını Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arif Əsədullayev, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə, Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin direktoru İkram Manafovdan ibarət münsiflər heyəti qiymətləndirib.
Müsabiqədə uğurla çıxış etmiş şagird və tələbələr, onların müəllim və konsertmeysterləri üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diplom, fəxri fərmanlar və mükafatlar təsis olunub.
Qeyd edək ki, qaliblərin mükafatlandırılması və yekun konserti 25 may tarixində Beynəlxalq Muğam Mərkəzində olacaq.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB