Nazirlik tərəfindən Opera və Balet Teatrına royal verilib

Nazirlik tərəfindən Opera və Balet Teatrına royal verilib

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Opera və Balet Teatrı üçün dünyanın qabaqcıl musiqi alətləri istehsalçılarından biri olan "Steinway & sons" firmasının istehsal etdiyi royal alınıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, teatrın baş dirijoru xalq artisti, professor Cavanşir Cəfərov bu münasibətlə sevincini bölüşüb: "Bir müddət bundan əvvəl Mədəniyyət və Turizm Nazirliyi tərəfindən teatrın simfonik orkestri üçün aparıcı Avropa firmalarının istehsalı olan musiqi alətləri alınıb. Bu qiymətli və nəfis alətlərdə ifa etmək dünyanın bütün musiqiçilərinin ən böyük arzusudur. Bu gün isə bizə çox qiymətli "Steinway & sons" firmasının istehsalı olan royal təqdim edildi.

Qeyd edək ki, öz fəaliyyəti dövründə bizim teatrda heç vaxt bu firmanın istehsal etdiyi royal olmayıb. Opera və Balet Teatrının milli mədəniyyətimizin flaqmanı olduğunu, burada hər zaman mürəkkəb opera və balet tamaşalarının ifa olunduğunu, teatrda tez-tez xarici dirijorlar və vokalçıların çıxış etdiyini, həmçinin, yaradıcı kollektivlərimiz və sənətçilərimiz tərəfindən milli musiqi mədəniyyətinin xaricdə təmsil edildiyini nəzərə alsaq, teatrın yeni musiqi alətləri ilə təchiz edilməsini dövlət başçısının milli mədəniyyətimizə qayğı və diqqətinin təzahürü kimi qiymətləndirmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə