Əməkdar artistin xatirəsi anılıb

Azərbaycan Dövlət Musiqili Teatrında 70 yaşı tamam olan aktyor, əməkdar artist Xanlar Muradovun xatirəsi anılıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aktyorun vaxtilə Rəhim kişi obrazını canlandırdığı O. Kazimi və R. Heydərin "Qızıl toy" iki hissəli musiqili komediyasının növbəti nümayişi sənətkarın 70 illiyinə həsr olunub.

Qeyd edək ki, Xanlar Yunis oğlu Muradov 1946-cı il aprelin 30-da Sumqayıt şəhərində doğulub. 1970-1975-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında, 1975-2005-ci illərdə isə Azərbaycan Dövlət Musiqili Teatrında ( o vaxtkı Musiqili Komediya Teatrı) aktyor işləyib. Sumqayıt teatrında Şeyda ("Toy", Sabit Rəhman), Qurban ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), Axund ("Solğun çiçəklər", Cəfər Cabbarlı), Sırodovey ("Tribunal", Aleksandr Makoyonok), Yaqub ("Həmyerlilər", Altay Məmmədov), Silvester ("Skapenin kələkləri", Jan Batist Molyer), Bədurətdin ("Bu meydan, bu şeytan", Firudin Aşurov), Qələndərov ("Gülməyən adam", Əfqan Əsgərov), Şair ("Paralelimin nəbzi", Ramiz Heydər), Azərbaycan Dövlət Musiqili Teatrında isə Hilal ("Durna", Süleyman Rüstəm, Səid Rüstəmov), Molla Musa ("Boşanaq, evlənərik", Əliağa Kürçaylı, Vasif Adıgözəlov), Bəbirli ("Özümüz bilərik", Şıxəli Qurbanov, Süleyman Ələsgərov), Qulam ("Həyətim mənim, həyatım mənim", Cahagir Məmmədov, Əşrəf Abbasov), Bilal ("Qız görüşə tələsir", Adil Babayev, Tofiq Bakıxanov, Nəriman Məmmədov), Rəhim kişi ("Qızıl toy", Ramiz Heydər, Oqtay Kazimi), Vəli ("Məzəli əhvalat", Ruhəngiz Qasımova), Xudayar bəy ("Danabaş kəndinin əhvalatları", Cəlil Məmmədquluzadənin eyni adlı əsəri əsasında Cənnət Səlimovanın liberettosu, bəstəkar Oqtay Kazimi), Mustafa ("Nəğməli könül", Xalidə Hasilova, Emin Sabitoğlu), Cəbrayıl-Arıq ("Lənət şeytana", Firudin Aşurov, Vasif Adıgözəlov), Qoçu Əsgər ("O olmasın, bu olsun", Üzeyir Hacıbəyli), Əlimərdan ("Gözün aydın", Məhərrəm Əlizadə, Fikrət Əmirov), Məhəmməd ("Lotoreya", Vaqif Səmədoğlu, Aydın Əzimov), Murtuzov ("Özümüz bilərik", Şıxəli Qurbanov, Süleyman Ələsgərov), Milyonçu ("Səhnədə məhəbbət", Əli Əmirli, Sərdar Fərəcov) rollarını ifa edib.

Xanlar Muradov 2005-ci il fevralın 5-də Bakıda vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə