“Əlincə qalası”nın premyerası olacaq

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Həmid Arzulunun "Əlincə qalası" tarixi dramı səhnələşdirilib. SİA-nın verdiyi xəbərə görə, bu yaxınlarda premyerası gerçəkləşəcək olan səhnə əsərinin quruluşçu rejissoru Azərbaycanın xalq artisti Kamran Quliyev, səhnə tərtibatçısı Naxçıvan Muxtar Respublikasının (NMR) əməkdar rəssamı Əbülfəz Axundov, bəstəkarı isə Azərbaycanın əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

Tamaşada rolları Azərbaycanın xalq artistləri Rza Xudiyev (Topal Teymur), Rövşən Hüseynov (Omba Qulamhüseyn), Şirzad Abutalıbov (təlxək), Azərbaycanın əməkdar artistləri Xəlil Hüseynov (Bəbir), Bəhruz Haqverdiyev (Yapalaq Murzo), Əbülfəz İmanov (Qasım), NMR-ın əməkdar artisti Səməd Canbaxşıyev (Rəşid) ifa edirlər.

Qeyd edək ki, "Əlincə qalası" tarixi dramı ilk dəfə 1983-cü ildə səhnəyə qoyulub. Səhnə əsəri Azərbaycan tarixində özünəməxsus rol oynayan, XIV əsrin sonlarında böyük əraziləri fəth edən fateh Əmir Teymura qarşı 14 il cəsarətlə mübarizə aparan Əlincə qalasının müdafiəsindən bəhs edir.

Bütün xəbərlər Facebook səhifəmizdə