Ceyhun Mirzəyevin 70 illik yubileyi qeyd olunub FOTOLAR

Ceyhun Mirzəyevin 70 illik yubileyi qeyd olunub FOTOLAR

Dövlət Film Fondunda görkəmli kinorejissor və aktyor Ceyhun Mirzəyevin anadan olmasının 70 illiyi münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçirilən tədbirdə əvvəlcə sənətkarın həyat yolunu əks etdirən videoçarx nümayiş olunub.

Çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev aktyorun milli kino sənayesinin inkişafındakı xidmətlərindən danışıb. O bildirib ki, Cəmil Quliyev öz üzərində daim çalışan istedadlı rejissor və aktyor, genişürəkli insan olub.

Tədbirdə əməkdar artistlər Elxan Qasımov, Şamil Süleymanov, kinoşünas, əməkdar incəsənət xadimi Aydın Dadaşov çıxış edərək bildiriblər ki, Ceyhun Mirzəyev "Ögey ana" və "Fəryad" filmləri ilə tarixə düşüb. Psixoloji dram janrının elementlərini də ilk dəfə kinoya məhz Ceyhun Mirzəyev gətirib. Çıxış edənlər onunla bağlı xatirələrini bölüşüblər.

Sonda "Zirvədəkilər. Ceyhun Mirzəyev" filmi nümayiş olunub.

Qeyd edək ki, Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib, daha sonra Moskvada təhsil alıb. Onun 48 illik ömrünün 35 ilə yaxınını kinoya həsr edərək 20-dən çox filmə çəkilib. "Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. Aktyor 12 yaşı olanda isə "Ögey ana" filmində çəkilib.

C. Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent, rejissor köməkçisi işləyib, aktyorluq edib, həm də rejissor kimi filmlər çəkib. O, "Mozalan" satirik kinojurnalının bədii rəhbəri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə