Heydər Əliyev Sarayında "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" şüarı altında keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun iştirakçıları üçün qala-konsert təşkil olunub. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, "Sivilizasiyaların musiqili alyansı" adlı qala-konsertdə Azərbaycan və xarici incəsənət ustaları çıxış ediblər.
Konserti Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və dirijor xalq artisti Gülbacı İmanova) və Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri Cüzeppe Verdinin "Nabukko" operasından xorun ifası ilə açıb.
Sonra orkestr Dmitri Şostakoviçin 7-ci simfoniyasından fraqment ifa edib.
İrakli Kaxidzenin ifasında Qaetano Donitsettinin "Məhəbbət içkisi" operasından romans səslənib. Rumın vokalçısı İrina İonesku Motsartın "Sehrli fleyta" operasından ariya ifa edib.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri "Nəlbəki" milli rəqsi ilə çıxış edib.
Konsertdə, həmçinin, Üzeyir Hacıbəylinin, Soltan Hacıbəylinin, Niyazinin, Qara Qarayevin, A.Borodinin, J.Bizenin və L.Bethovenin əsərləri səsləndirilib.
Qala-konsertdə Türkiyənin "Mehtər" orkestri, ukraynalı vokalçı Vyaçeslav Bazir, aşıqlar qrupu çıxışları olub.
Konsertin art-direktoru xalq Artisti, professor Firəngiz Əlizadə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB