Naxçıvanda kənd turizmi inkişaf etdirilir

Müasir Naxçıvan kəndlərində kənd turizminin inkişafı üçün əlverişli şərait var. Kəndlərin abadlaşdırılması, turistlərin də istifadə edə biləcəyi müasir sosial infrastrukturun yaradılması və yerli əhalinin həyat səviyyəsinin yüksəldilməsi kənd turizmi üçün geniş imkanlar yaradır.

Bu fikirlər Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şahbuz rayonunun Kükü kəndində kənd yaşıl turizminin inkişafı istiqamətlərinin müzakirə edildiyi maarifləndirici tədbirdə səsləndirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının turizm şöbəsinin müdiri Piri Nağıyev "Şahbuz rayonunun Kükü kəndinin turizm potensialı" mövzusunda çıxışında tədbir iştirakçılarına kənd yaşıl turizmi haqqında ətraflı məlumat verib.

Bildirilib ki, Kükü kəndində bu sahəni inkişaf etdirmək üçün geniş imkanlar mövcuddur. İşin düzgün qurulması adət-ənənələrimizin, milli dəyərlərimizin təbliğ olunması üçün də əhəmiyyətli rol oynaya bilər.

Tədbir iştirakçılarına mart ayında muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı ilə bağlı keçirilən müşavirədə qarşıya qoyulan vəzifələr haqqında ətraflı məlumat verilib. Bildirilib ki, turizmin inkişafında vətəndaşların da üzərinə müəyyən vəzifələr düşür.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əkbər Novruzov "Kənd yaşıl turizmi və bu sahədə gəlirlərin formalaşması" mövzusunda çıxış edərək iştirakçıları evlərdə turistlərə göstəriləcək xidmətlər, qiymətlər və gəlirlərin formalaşması, bu sahədəki qanunvericilik aktları barədə məlumatlandırıb.

Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova "Turizm İnformasiya Mərkəzinin kənd yaşıl turizminin təbliğində rolu" mövzusunda çıxışında muxtar respublikanın təbii gözəlliklərinin, tarixi abidələrinin, istirahət guşələrinin təbliğinin əhəmiyyətindən danışıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə