Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Hərbi Prokurorluğu və AMEA-nın Tarix İnstitutunun birgə layihəsi əsasında hazırlanan "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı" kitabının təqdimatı keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq bildirib ki, Azərbaycan xalqının başına əsrlər boyu çox müsibətlər gəlib: "Bu hadisələrdən ən faciəlisi ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımlardır. 1918-20-ci illərdə Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar nəticəsində on minlərlə soydaşımız qətlə yetirilib.
Heydər Əliyev Fondunun səyləri ilə yaradılmış Quba Soyqırımı Memorial Kompleksi ərazisindəki müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları ötən əsrin əvvəllərində ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımının bariz nümunəsidir".
K.Tahirov diqqətə çatdırıb ki, ermənilərin törətdiyi soyqırımı ilə bağlı nəşr edilən minlərlə ədəbiyyat Milli Kitabxananın əməkdaşlıq etdiyi dünya kitabxanalarına göndərilib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev kitabın arxiv sənədləri əsasında ərsəyə gəldiyini söyləyib: "Azərbaycan xalqı müstəqilliyini qazandıqdan sonra öz keçmişini öyrənmək, tarixini daha dərindən araşdırmaq imkanı əldə edib. Bu mənada XX əsrdə yaşanmış faciələrə də siyasi, elmi və tarixi nöqteyi-nəzərdən işıq salmaq imkanları yaranıb. Xüsusilə, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı gələcək nəsillərin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir. Bununla da, xalqımız öz real keçmişinə müraciət etməyə, tarixdə olan qara ləkələri aydınlaşdırmağa yenidən haqq qazandı. Bu baxımdan, təqdim edilən "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı" kitabı mühüm əhəmiyyət kəsb edir".
Vaqif Əliyev əlavə edib ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar zamanı milli-mədəni abidələrimiz ya məhv edilib, ya da bu mədəni mirası öz adlarına çıxarıblar. Tarixi faktlar əsasında ərsəyə gələn kitablar bütün dünyaya və gələcək nəslə əsl həqiqətləri anlatmaq imkanı yaradır.
Kitabın layihə müəlliflərindən biri, millət vəkili, AMEA-nın Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Yaqub Mahmudov nəşrin əhəmiyyətindən söz açıb. Bildirib ki, zəngin arxiv materiallarına əsaslanan tədqiqatlar birmənalı şəkildə sübut edir ki, 1918-1920-ci illərdə Azərbaycan, ümumiyyətlə, türk-müsəlman əhalisinə qarşı soyqırımı həyata keçirilib: "Erməni cəlladları Azərbaycan torpaqlarını müsəlmanlardan təmizləyərək "böyük ermənistan" dövləti yaratmağa cəhd göstəriblər. Y.Mahmudov Tarix İnstitutunun təşkilatçılığı ilə keçirilən və ermənilərin törətdiyi soyqırımlara həsr edilən beynəlxalq konfranslar haqqında məlumat verərək qeyd edib ki, bu gün artıq bütün dünya erməni riyakarlığının iç üzünü görə bilir.
Azərbaycan Respublikası hərbi prokurorunun müavini Rasim Kazımov təqdim edilən kitabın böyük əhəmiyyət kəsb etdiyini bildirib və Azərbaycanda ilk soyqırımı muzeyinin prokurorluğun binasında yaradıldığını vurğulayıb. Qeyd olunub ki, tarixi sənədlər əsasında sübut olunub ki, ermənilər tək azərbaycanlıları deyil, ləzgi, yəhudi, tatar, talış, avar, kürd və digər azsaylı xalqları da soyqırımına məruz qoyub.
Milli Məclisin deputatları Fəzail İbrahimli, Aydın Mirzəzadə, Bakı Dövlət Universitetinin professoru Atamoğlan Məmmədov çıxışlarında bu gün ölkə rəhbərliyinin ideoloji müharibədə alimlərimizə dəstək olduğunu qeyd ediblər. Bildirilib ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi "Xocalıya ədalət!" təbliğat-təşviqat kampaniyası beynəlxalq aləmdə öz bəhrəsini verir.
Qeyd edək ki, nəşrin layihə rəhbərləri AMEA-nın müxbir üzvü Yaqub Mahmudov (həm də redaktoru və ön sözün müəllifi) və respublikanın hərbi prokuroru, əməkdar hüquqşünas Xanlar Vəliyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB