“Qarabağ əfsanələri” adlı nəşr təqdim olundu FOTOLAR

Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasının konfrans zalında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz ilə AMEA Folklor İnstitutunun birgə layihəsi olan "Qarabağ əfsanələri" adlı təbliğat xarakterli nəşrin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, rəsmi Yerevanın Azərbaycan milli-mədəniyyət nümunələrinin mənimsənilməsi siyasətinin qarşısının alınmasına xidmət edən bu nəşrin ilk buraxılışının mətnləri alimlər tərəfindən hazırlanan zaman əsas hədəf Qarabağ ərazisinin və Qarabağ ilə bağlı olan bütün mədəniyyət nümunələrinin məhz Azərbaycan xalqına və Azərbaycan tarixinə aid olduğunu isbat etməkdən ibarətdir.

Tədbirdə çıxış edən AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Muxtar İmanov bildirib ki, Elmi-Metodiki Mərkəzlə əməkdaşlıq çərçivəsində Azərbaycanın ayr-ayrı bölgələrində, o c ümlədən də şimal bölgələrində müzakirələr keçirilib. O qeyd edib ki, "Qarabağ əfsanələri" layihəsinin ideyası insana məhəbbət, insan qüdrətinin vəsfidir. Azərbaycan xalqı digər xalqlar kimi erməni xalqına da insani dəyərlər ucalığından yanaşır, ona vətəndaş kimi baxır. Qarabağ savaşında da insana məhəbbət qüdrətimizi artırmaqla bərəbər, hərbi və siyasi gücümüzü də artırırıq.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyevin sözlərinə görə, layihənin məqsədi Ermənistan tərəfindən Azərbaycanın maddi və qeyri-maddi mədəniyyət nümunələrinin saxtalaşdırılmasının dünyaya sübutu, onun qarşısının alınmasına töhfə verməkdən ibarətdir: "İstəyirik ki, uşaqlar, yeniyetmələr, gənclər Azərbaycan folkloruna məxsus irslə tanış olsun. Layihənin növbəti mərhələlərində biz bunu bağçalarda, təhsil müəssisələrində təqdim etmək istəyirik. Azərbaycan əfsanələrinin qəhrəmanları haqqında surətlər olmuyub və biz bu gün onların surətlərini təqdim edirik ki, daha yaddaqalan olsun. Mərkəz olaraq nəşrin daha bir məqsədi də cəmiyyətin buna reaksiyasını öyrənməkdir. Daha sonra nəşrin bir neçə dillərə tərcüməsini nəzərdə tuturuq. Azərbaycana gələcək turistlərə təqdim olunan standart hədiyyələr tərkibində bu nəşrlər də yer alacaq".

Daha sonra Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyi arasında qanunvericiliyə və öz nizamnamələrinə uyğun qeyri-maddi irsin, milli adət-ənənələrin, tarixi abidələrin qorunması, dəstəklənməsi və təbliğ edilməsi, ümumilikdə milli-mənəvi dəyərlərimizə hörmət hissinin gücləndirilməsi məqsədilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə