Balakəndə "Tariximizi öyrənək” adı ilə tur təşkil olunub FOTOLAR

Balakəndə "Tariximizi öyrənək” adı ilə tur təşkil olunub FOTOLAR

Balakən rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən "Beynəlxalq Abidələr və Tarixi Yerlər" günü ilə bağlı, tarixi abidələr ətrafında "Tariximizi öyrənək" başlığı altında silsilə tədbirlər həyata keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, bu məqsədlə turizm marşrutları müəyyən edilib, elanlar hazırlanaraq, rayonun müxtəlif yerlərindən asılıb.

Bundan başqa şöbə rayonda fəaliyyət göstərən təşkilatlara, məktəblərə rayon daxilində təşkil olunmuş turizm marşrutları üzrə turlarda iştirak etmək üçün dəvətnamələr göndərib.

Tur çərçivəsində rayonun tarix-diyarşünaslıq muzeyi, Minarəli məscid, Tülü türbəsi, Arılıqbinə məbədi, Qullar Alban məbədi, Hacı Murtuz qalası və Katex kəndində şose yolunun kənarında yerləşən Böyük səddin qalıqları ziyarət olunub.

Ekskursiyada rayonun Nizami, Nəsimi, Z. Əliyeva adına liseyin yuxarı sinif şagirdləri, tarix müəllimləri və müxtəlif təbəqənin nümayəndələri iştirak edib. Ziyarətçilərə rayonumuzun tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli milli kimliyimiz və mədəniyyətimizin əsas nümunələri olan tarixi abidələr haqqında geniş və dolğun məlumat verib.

Daha sonra Katex kənd folklor evində dərnək üzvlərinin hərbi-vətənpərvərlik mövzusunda hazırladığı səhnəciklər göstərilib.

Əlamətdar gün münasibəti ilə həmçinin, tarix-diyarşünaslıq muzeyində, Tülü kəndində yerləşən Nur kilsə, Poştbinə kəndində yerləşən Alban məbədi və Mahamalardakı tarixi abidələr ətrafında silsilə tədbirlər həyata keçirilib, çoxəsrlik tarixə malik abidələrimiz haqqında geniş məlumat verilib.

Qeyd edək ki, keçirilən tədbirlərdə kənd bələdiyyəsi, icra nümayəndəliyi və rayon ictimaiyyəti iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə