Son günlər cəbhə xəttində baş verən gərginliklər, torpaqlarımızın işğaldan azad olması yolunda atılan mütərəqqi addımlar, qəhrəman oğullarımızın Vətən uğrunda şəhid olması mədəniyyətin bütün istiqamətlərinin başlıca mövzusuna çevrilib. Hərbi-vətənpərvərlik şüurunun formalaşmasında ədəbiyyatın rolunu xüsusilə vurğulamaq lazımdır. Bunu nəzərə alaraq, müasir Azərbaycan ədəbiyyatında sözügedən mövzunun təzahürü ilə bağlı görkəmli yazıçı və dramaturqlarımız SİA-ya fikirlərini bildirib.
Xalq şairi, dramaturq, əməkdar incəsənət xadimi Nəriman Həsənzadə: "Ədəbiyyat xalqın tarixini, mənəvi dəyərlərini, hisslərini əks etdirməlidir. Bu gün vətənpərvərlik mövzusunda yeni-yeni, fərqli yanaşma tərzi ilə kifayət qədər əsərlər yazılır. Ola bilsin ki, bəziləri dramaturji qaydalara cavab vermir. Amma yetərincə keyfiyyətli, dərin mənalı ədəbi nümunələr də az deyil. Bizim övladları cəbhədə həlak olan çoxlu sayda yazıçılarımız var. Sadəcə yazıçıya, şairə yüksək münasibətlə yanaşmaq lazımdır. Vətənpərvərlik içdən gəlməlidir. Bu istiqamətdə yazılan əsər insanı səfərbər etməlidir, çağırış olmalıdır. Ədəbiyyat həm də insanşünaslıqdır. Sevgidən, kədərdən, həsrətdən yazılan povestdə də vətənpərvərlik hissləri ola bilər. Mütləq deyil ki, əsər ancaq vətənə sevgidən bəhs etsin. Sadəcə hər ədəbi nümunəyə müxtəlif tərəfdən yanaşmaq gərəkdir".

Şair, kinodramaturq, əməkdar incəsənət xadimi Baba Vəziroğlu: "Vətənpərvərlik mövzusunda yazılan əsərlərin kəmiyyəti ilə öyünməmək lazımdır. Bəzi əsərlər var ki, sadəcə mənası və keyfiyyəti olmayan söz yığınıdır. Cəmiyyətdə baş verən hər hansı hadisəyə dərhal münasibət bildirmək ədəbiyyatın işi deyil. Bu, publisistikanın, sənədli xronikanın, jurnalistikanın üzərinə düşən vəzifədir. Bununla bağlı ədəbi əsər yazmaq üçün müəyyən zaman keçməlidir, yazıçı o hissləri içində yaşamalıdır, duymalıdır. Həmin hadisəni özününkiləşdirməlidir. Yəni, ədəbi nümunə ərsəyə gətirmək texnika məsələsidir. Bu, kağız üzərində həll olunan proses deyil".

Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB