Yazıçıların əsərləri hərraca çıxarılıb

Görkəmli rus yazıçıları Anton Çexovun hekayə və povestərindən ibarət kitabları və Boris Pasternakın qaralamaları Nyu-Yorkda hərraca çıxarılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çexovun 1894-cü ildə nəşr olunan toplusu 18,75 min dollara satılıb. Kitabın içində "Müəllifdən Semyon İliç Bıçkova. 25 mart 1897-ci il. Xoş xatirələrlə..." sözləri yazılıb. Bıçkov yazıçının tez-tez qaldığı Moskva yataqxanalarından birində çalışıb. O, Çexovla yaxın dost olub. Belə güman olunur ki, dramaturqun qələmə aldığı "Kişilər" povestinin qəhrəmanı Bıçkovun prototipidir.

Pasternakın sevgilisi Olqa İvinskaya həsr etdiyi "Doktor Jivaqo" romanının iki hissəsinin qaralaması isə 77,8 min dollara dəyərləndirilib.

Qeyd edək ki, əsər 1945-1955-ci illərdə qələmə alınıb. Romana görə, yazıçı 1958-ci ildə Nobel mükafatına layiq görülsə də, o, mükafatdan imtina edib. Yalnız 1989-cu ildə vəfat etdikdən sonra oğlu Yevgeniy Pasternak mükafatı əldə edib.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə