Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Hacıqabulda yazıçı-dramaturq Hüseynbala Mirələmovun iki hissəli "Xəcalət" dramı əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edəcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aprelin 13-də nümayiş olunacaq səhnə əsərinin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhrəm Osmanovdur. Tamaşanın quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı isə xalq artisti Siyavuş Kərimidir.

Tamaşada əsas rolları xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, aktyorlar Xədicə Novruzlu, Əlvida Cəfərov və başqaları ifa edəcəklər.

Səhnə əsəri Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir. Həmçinin, tamaşada müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib. Tamaşa boyu bir dəfə də olsun güllə səsi eşidilməsə də, dramaturq müharibənin doğurdu faciələri, insanlara gətirdiyi fiziki və mənəvi əzabları, sındırılmış insan talelərini, hökm sürən ümidsizliyi təsvir edə bilib.

Qeyd edək ki, "Xəcalət" pyesi dünyanı dolaşan müharibə kabusuna, zorakılığa qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin və mübariz olmağa səsləyən bir əsərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə