Əbülfəs Qarayev Küveytə səfər edib FOTOLAR

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası və Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə Küveyt Dövlətinin Əl-Küveyt şəhərinə səfər edib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, səfər zamanı Azərbaycanın turizm potensialının təqdimatı keçirilib və buna həsr olunan mətbuat konfransı təşkil edilib. Təqdimatda Azərbaycan turizm imkanları nümayiş olunub, sağlamlıq, ovçuluq, qış turizm növləri ilə bağlı çap məhsulları paylanıb və reklam çarxları göstərilib. Nazir Əbülfəs Qarayev çıxışı zamanı qeyd edib ki, ölkəmiz Körfəz ölkələrindən gələn turistlərin sayının artmasında maraqlıdır və hər kəsi Azərbaycana dəvət edir.

Təqdimat mərasimindən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Küveytin informasiya naziri şeyx Salman Sabah Salem əl-Humud əl-Sabah ilə görüşüb.

Əl-Küveytdə baş tutan görüşdə nazir küveytli turistlər üçün Azərbaycanın turizm potensialını təbliğ etmək baxımından, KİV və mədəniyyət proqramlarının rolunu qeyd edib.

Eyni zamanda, Küveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının sədri olan şeyx Salman ölkələr arasında təcrübə mübadiləsinin, eləcə də mədəniyyət və turizm sahəsində Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.

Öz növbəsində, Ə.Qarayev Azərbaycanla Fars körfəzi ərəb ölkələrinin Əməkdaşlıq Şurasına (FKƏÖƏŞ) daxil olan dövlətlər arasındakı münasibətlərin dərinliyindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın Körfəz ölkələrindən daha çox turist cəlb etmək niyyətində olduğunu və FKƏÖƏŞ ölkələri üçün Azərbaycanın hava məkanının açıq olduğunu qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası və Körfəz ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə mədəniyyətin və turizmin təbliği, təşviqi Nazirliyin həyata keçirdiyi prioritet istiqamətlərdəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...