Musiqili Teatrda ordumuza dəstək məqsədilə tədbir keçirilib FOTOLAR

Erməni qəsbkarlarının təmas xəttindəki təxribatına layiqli cavab verən ordumuzun son qələbələrinə və Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Təhlükəsizlik Şurasındakı çıxışına öz münasibətini bildirən Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi tədbir keçirib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, rejissor Əliqismət Lalayev mərasimi açıq elan etdikdən sonra, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Əliqismət Lalayevlə yanaşı, Qarabağda doğulub boya-başa çatan, xalq artisti, Prezident təqaüdçüsü Fatma Mahmudova, əslən ukraynalı olan, əməkdar artist Svetlana Bulax, əslən İrəvandan olan, dədə-baba torpaqlarından didərgin düşən, tanınmış yurnalist, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Qarabağ müharibəsi veteranı, əməkdar artist Əzizağa Əzizov, Azərbaycan gəncliyini təmsil edən aktyor Əmrah Dadaşov və başqaları çıxış ediblər.

Çıxış edənlər "Erməni qəsbkarları, Ermənistanın əli qana batmış hakimiyyəti son hadisələr zamanı bir daha öz iç üzünü açıb göstərdi. Azərbaycanımızın 20 faiz ərazisini işğal edən, daim beynəlxalq ictimaiyyəti aldadan, yalan rəy formalaşdıran, mütəmadi olaraq, atəşkəsi pozub mülki əhalimizi atəşə tutan düşmənə son günlər silahlı qüvvələrimiz tərəfindən layiqli cavab verilib. Nankor qonşularımız bu həqiqəti anlamalıdırlar ki, Azərbaycan xalqı gec-tez öz torpaqlarını geri qaytaracaq. Biz sülhsevər xalq orlaraq, hər zaman bu problemin sülh, danışıqlar yolu ilə həllinə ümid etmişik. Amma ermənilər öz mənfur xislətlərindən heç zaman əl çəkməyiblər, daim dinc əhalini atəşə tutublar. Onlar unudublar ki, biz torpaqlarımızı müharibə yolu ilə də azad etməyə qadirik. Bu şərəfli işin öhdəsindən gəlmək üçün dövlətimizin güclü ordusu, qətiyyətli Ali Baş Komandanı var. Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi olaraq, qəsbkar Ermənistan hakimiyyətindən torpaqlarımızı qeyd-şərtsiz boşaltmağı tələb edir və Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hər əmrinə hazır olduğumuzu bildiririk. Musiqili Teatr ordumuz və Prezidentimizlə birlikdədir" - deyə fikirlərini bildiriblər.

Qeyd edək ki, tədbir Azərbaycan Dövlət Himninin sədaları ilə sona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə